Şrift:
Formula 1 Qran-Prisinə media nümayəndələrinin akkreditasiyası davam edir
05.03.2020 [07:47] - İdman
“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) iyunun 5-7-də Bakıda sayca beşinci dəfə keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisinə yerli media nümayəndələrinin akkreditasiyası ilə bağlı sənəd qəbulu prosesi yekunlaşmaq üzrədir. BŞH-nin marketinq və kommunikasiya şöbəsinin rəhbəri və yarışın milli mətbuat katibi Nigar Arpadarai jurnalistləri tezliklə qeydiyyatdan keçməyə çağıraraq deyib: “Yerli jurnalistlər arasında Formula 1 yarışlarının işıqlandırılmasına maraq hər il olduğu kimi, bu il də böyükdür. Həmişə çalışırıq ki, Azərbaycan Qran-Prisində yaxından iştirak etmək istəyən media nümayəndələri təklif olunan bütün imkanlardan vaxtında və tam yararlana bilsinlər. İndiki məqamda artan rəğbəti, həmçinin müraciətlərin çoxluğunu nəzərə alaraq vaxtı bir qədər uzatdıq ki, Beynəlxalq Avtomobil Federasiyasının (FIA) tələblərinə tam cavab verən hər bir yerli jurnalist paytaxtımızın beşinci dəfə ev sahibliyi edəcəyi möhtəşəm yarışdan kənarda qalmasın”.
Azərbaycan Qran-Prisi daxil olmaqla bütövlükdə 2020-ci il üçün Formula 1 dünya çempionatında yer alan hər bir yarış üçün media nümayəndələrinin akkreditasiyası (FIA) və Formula One Management (FOM) şirkəti tərəfindən kurasiya olunur. Yerli media nümayəndələrinin yarışa qeydiyyatı əməliyyat şirkətinin vasitəçiliyi ilə həyata keçirilir və bu proses martın 5-də saat 17:00-da başa çatacaq. Qeydiyyatdan keçmək istəyən jurnalistlər əməliyyat şirkətinin rəsmi veb-səhifəsinə daxil olaraq müvafiq formanı doldurmalı və tələb olunan sənədləri sistemə yüklədikdən sonra onlayn qaydada müraciət etməlidirlər.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 75 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed