Şrift:
Rusiya Azərbaycanı işğalla hədələyir
28.09.2012 [11:10] - Siyasət
İrəvana 10 hərbi obyekt bağışlayan Moskva Qarabağ danışıqlarında revanş götürmək istəyir

Xəbər verdiyimiz kimi, Rusiya Ermənistandakı hərbi birləşmələrinin bəzi dislokasiya bazalarını İrəvana təhvil verəcək. “İtar-Tass” agentliyinin xəbərinə görə, bununla bağlı hökumətlərlər arası protokolun layihəsini Moskva təsdiqləyib. Layihənin 1996-cı ildə imzalanan Rusiya və Ermənistan arasındakı sazişə əsasən hazırlandığı bildirilir. Protokol imzalanandan sonra struktur dəyişikliyi və yerdəyişmə adı altında Rusiya ordusunun oradakı 30 obyektindən 10-u Ermənistana veriləcək.

Protokolun imzalanması üçün səlahiyyətlər Rusiya Müdafiə nazirliyinə verilib, ancaq onun nə zaman imzalancağı bildirilmir.

Bu haqda razılaşma Yerevan yaxınlığındakı Baqramyan poliqonunda ötən həftə keçirilən MDB Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının birgə hərbi təlimləri zamanı əldə edilib.

“PanArmenian” saytı yazır ki, Ermənistan Müdafiə naziri Seyran Ohanyan Rusiya Müdafiə naziri Anatoly Serdyukovla görüşdən sonra bildirib ki, onlar Rusiyanın Gümrü şəhərindəki 102-ci hərbi bazası ilə bağlı hüquqi məsələləri və Rusiya ordusunun 10 hərbi hissəsinin təhvil verilməsini müzakirə ediblər.

Anatoly Serdyukov isə həmin brifinqdə Rusiya-Ermənistan əməkdaşlığının ən yüksək səviyyədə olduğunu bildirib, regiondakı çağırışlara daha yaxşı cavab vermək üçün buradakı rus ordusunun yerdəyişmələrə başladığı bildirilib. Rusiya Müdafiə naziri 10 obyektin erməni tərəfinə veriləcəyini və hazırda həmin təhvil-təslimlə bağlı texniki və avadanlıq məsələlərinin həlli üzərində işlədiklərini deyib.

Nə erməni, nə də rus saytları sözügedən 10 obyektdə hərbi texnikanın taleyi haqda heç nə yazmırlar.

Ermənistandakı 102-ci Rusiya hərbi bazası Gümrü şəhərində yerləşir. 2008-ci ildəki Rusiya-Gürcüstan savaşına qədər burada 3500 rus kontingenti xidmət edirdi. 2008-ci ildən sonra Ermənistandakı rus əsgərlərinin sayı 5 minə qalxıb (Lent.az).

2009-cu ildən Rusiya ordusu Ermənistandakı hərbi qüvvələrinin struktur islahatına başlayıb və piyada qoşunlarını 2 motor-atıcı briqada şəklində ayırıblar.

2011-ci ilin iyun ayında isə Rusiya Müdafiə Nazirliyi bildirmişdi ki, Gümrüdəki hərbi bazadakı kmuzdlu əsgərlərin sayını 2 dəfə artıracaq.

Müxtəlif mənbələrə görə, Rusiyanın Ermənistandakı silahlı qüvvələri 74 tank, 17 BMP, 148 BTR, 84 artilleriya qurğusu, 18 MİG-29 təyyarəsi və S-300 raket batareyalarından ibarətdir.

Ancaq Gürcüstandakı Rusiya hərbi bazalarından da bura 35 tank və 370 zirehli döyüş maşını göndərilib.

Rusiya ordusu müqaviləyə əsasən Ermənistanın Türkiyə və İranla quru sərhədlərini və bütün hava sərhədlərini qoruyur. Ermənistan ərazisində mövcudluğunun əvəzində isə yerli ordunu müasir texnika ilə təmin etmək kimi öhdəliyi də var.

Rusiya bazasının müddəti 2024-cü ildə bitirdi. Ancaq 2010-cu ildə imzalanan yeni müqaviləyə görə rus qoşunlarının vaxtı 2044-cü ilə qədər uzadılıb.

Beləliklə, Rusiya öz əlləri ilə sülhməramlı maskasını növbəti dəfə yırtdı. Bu barədə isə geniş düşünməyə dəyər.

Bu gün Qarabağ danışıqlarında vasitəçi kimi iştirak edən Moskva Ermənistanı silahlandırmaqla faktiki olaraq Azərbaycanı şantaj edir. Bununla Rusiya bəyan etmək istəyir ki, Qarabağ və Cənubi Qafqazda olan digər münaqişə zonalarında əsas oyunçu məhz Rusiyadır. Bununla da, Moskva acıq şəkildə büruzə verdi ki, Rusiya münaqişənin həll olunmasında maraqlı deyil, bu münaqişə Azərbaycana və Ermənistana təzyiq vasitəsi kimi zəruridir. Beləliklə, Moskva özünün keçmiş müstəmləkələrini təsiri altında saxlayır.

Azərbaycanda əksər təhlilçilər bu fikirdədirlər ki, artıq Rusiyanın vasitəçi kimi danışıqlarda iştirakı sual altındadır. Erməniləri silahlandıran Rusiyanın açıq işğal təhdidlərindən sonra Rusiya danışıqlar prosesində vasitəçi kimi deyil, münaqişə tərəfi kimi çıxış etməlidir.

Əminliklə vurğulamaq olar ki, Rusiya öz təhdidlərini bundan sonra da davam etdirəcək. Bu təhdidlər rəsmi Bakını Qərbyönümlü siyasi kursdan üz çevirməyə vadar etməyə yönələcək. Ermənistana hərbi obyektlər verməklə Kreml açıq işarə vurdu ki, Rusiya üçün işğalçılıq, çevriliş etmək, mövcud hakimiyyətləri devirmək cəhdləri bir həyat tərzidir. Bu gün isə hədəfdə Bakıdır. Dünyanı qaz şantajı ilə boğan Rusiya heç cürə NABUCCO layihəsinin reallaşmasını istəmir. Bu layihədə əsas oyunçulardan biri olan Azərbaycanın öz qazını Rusiyaya verməkdən imtina etməsinin praqmatik maraqlardan qaynaqlanma ehtimalının olması Rusiyanı qıcıqlandırır.

Rusiya anlamaq belə istəmir ki, Azərbaycan müstəqil dövlətdir; Gürcüstan müstəqil dövlətdir. Nə Azərbaycan, nə də Gürcüstan Rusiyanın “yatağına” yıxılmaq istəmir. Rusiya sırf faşist qayda qanunları ilə hərəkət edir - qazı vermirsənsə, Qəbələ RLS -də razılaşmırsansa, Moskva da Qarabağın müstəqilliyini tanıyacaq və Ermənistandakı qoşunlarının yardımı ilə bölgədəki sabitliyi pozacaq.

Rusların ermənilərə hərbi obyektlər verməsi Azərbaycana ünvanlan açıq-aydın hədə kimi dəyərləndirilə bilər. Bu hədələrə isə Qərbin reaksiyası da önəmli olmalıdır. Rusiya faktiki olaraq müstəqil ölkəni işğal ilə hədələyir.

Moskvanın şantajlarının artdığı bir vaxtda Azərbaycanın xarici siyasətində üstünlük verilən “açıq qapı” siyasəti nə dərəcədə məqbuldur? Rusiyanın təhdidlərinin genişləndiyi bit vaxtda Türkiyə və Avroatlantik məkanla əməkdaşlıq daha məqbul görünür...

Azər RƏŞİDOĞLU
Bu xəbər oxucular tərəfindən 980 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed