Şrift:
İran Hava Yolları Şirkəti Çinə uçuşların davam etməsi ilə bağlı açıqlama verib
05.03.2020 [15:50] - Güney Azərbaycan xəbərləri
İran Hava Yolları Şirkəti "Mahan Air"-in Çinə uçuşları hələ də davam etdirməsi ilə bağlı bəyanat yayıb.



Şirkət iddia edib ki, "Mahan Air"-in Çinə "yalnız tibbi ləvazimatlar gətirmək" üçün uçuşlara davam edir.



İranın Nazirlər Kabineti koronavirusun ölkədə yayılmasının qarşısını almaq üçün yanvarın 31-də Çinlə bütün gediş-gəliş uçuşlarını qadağan etmişdi.



"İsna" xəbər agenliyi yaydığı məlumatda qeyd edir ki, araşdırmalar "Mahan Air" aviaşirkətinin Çinin azı 1 şəhərinə hələ də uçuşlar həyata keçirdiyini göstərir. Xəbərdə bildirilir ki, Şanxay hava limanının rəsmi internet səhifəsində də "Mahan Air"-in bu şəhərə uçuşları dayandırmadığı görünür. Belə ki, hava limanının saytında bu gün səhər saat 09:55 radələrində şirkətə məxsus təyyarənin Şanxay hava limanının 2-ci terminalında eniş etdiyi barədə məlumat yerləşdirilib.



Bundan öncə "Flight Radar 24" saytının məlumatlarında Tehran-Pekin və əksinə uçuşların hələ də davam etdiyi müşahidə edilirdi.



Ötən həftə müxtəlif media orqanlarında çıxan məlumatlar qadağalardan keçən 3 həftə ərzində "Mahar Air" şirkətinin Çinə və əksinə azı 55 uçuş yerinə yetirdiyindən xəbər verirdi.



Qeyd etmək lazımdır ki, İran hökuməti Qumda iki nəfərin ölümünün ardınca fevralın 19-da həmin şəxslərin ölüm səbəbinin koronavirus olduğunu etiraf etmişdi. Rəsmi məlumatlarda virusun ölkədə yayılmasının səbəbi açıqlanmır. Bəzi mənbələrin məlumatlarına görə, virus Qumda işləyə fəhlələr və təhsil alan tələbələr vasitəsilə yayılıb. Digər mənbələr isə bildirirlər ki, virusun şəhərdə yayılmasının mənbəyi Çindən qayıdan iranlı tacir olub.
Bu xəbər oxucular tərəfindən 293 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed