Şrift:
Koronavirusa yoluxmuş iranlı deputat Fatimə Rəhbər komaya düşüb
06.03.2020 [10:40] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran parlamentinin koronavirusa yoluxmuş deputatı Fatimə Rəhbərin səhhətinin ağır olması barədə xəbərlər yayılıb.



İranın “Tasnim” agentliyinin yaydığı xəbərə əsasən, koronavirusa yoluxduğu üçün bir neçə gündür Tehran xəstəxanalarının birinin reanimasiya şöbəsində müalicə alan Fatimə Rəhbərin səhhəti martın 5-i axşam saatlarından başlayaraq kəskin pisləşməyə başlayıb.



Bildirilir ki, həkimlərin ciddi nəzarəti altında saxlanılan Fatimə Rəhbər gecə saatlarından başlayaraq, artıq komaya düşüb. Hazırda deputatın səhhətinin ağır olduğu və onun həyatının ciddi təhlükə ilə üz-üzə qaldığı bildirilir.



Qeyd edək ki, Tehrandan deputat seçilən Fatimə Rəhbər, İran parlamentinin sərt xətt tərəfdarı olan mühafizəkar (üsulçu) deputatlarından biri sayılır.



Xatırladaq ki, İran Səhiyyə Nazirliyi martın 5-də bəyanat yayaraq, ölkədə virusdan ölənlərin sayının 107-yə, yoluxanların sayının 3 min 513 nəfərə çatdığını bildirsə də, İranın tibb mərkəzlərində çalışan qeyri-rəsmi mənbələr, virusdan ölənlərin və yoluxanların sayının qat-qat çox olduğunu bildirirlər.



Həmin mənbələrin dediyinə görə, İran rejimi ölənlərin sayını azaltmaqla, virusla mübarizədə öz səriştəsizliyini və ölkədə baş verən insani faciənin dəhşətli miqyasını xalqdan və cəmiyyətdən gizlətməyə çalışır.
Bu xəbər oxucular tərəfindən 91 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed