Şrift:
Qarabağın qədim dövr arxeoloji irsi haqqında kitab çapdan çıxıb
06.03.2020 [10:58] - Mədəniyyət
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə elmlər doktoru, professor Hidayət Cəfərovun “Qədim Qarabağ (Tarixi-arxeoloji tədqiqat: tunc və erkən dəmir dövrü)” monoqrafiyası nəşr edilib.

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, vəsaitdə Azərbaycanın ayrılmaz və əzəli ərazisi olan Qarabağda Tunc və İlk Dəmir dövründə cərəyan etmiş etnik-mədəni proseslər izlənilir. Əsərdə yaşayış yerləri, qəbir abidələri, onlardan əldə olunmuş artefaktlar, ibtidai memarlıq, dəfn mərasimi, təsərrüfat sahələri, sənətkarlıq, iqtisadi-mədəni əlaqələr, ictimai quruluş və s. haqqında ətraflı məlumat verilir.
Səkkiz fəsildən ibarət əsərin birinci hissəsi Qarabağın arxeoloji abidələrinin tədqiqi tarixinə, ikinci hissəsi Qarabağın İlk Tunc dövrü, üçüncü fəsil Orta Tunc dövrü, dördüncü fəsil Son Tunc və İlk Dəmir dövrü abidələrinə və artefaktlara həsr edilib. Beşinci fəsildə abidələrin xronoloji dövrləşdirilməsi problemlərinə toxunulur. Monoqrafiyanın altıncı fəslində tədqiq edilən dövrdə regionun təsərrüfat həyatından və sənətkarlıqdan bəhs edilir. Son hissələrdə isə göstərilən dövrlərdə Qarabağın ətraf dünya ilə mədəni-iqtisadi əlaqələrinə, qədim əhalinin ictimai quruluşuna toxunulub.

Müəllif arxeoloji faktlarla Qarabağın Tunc dövründə etnik və mədəni baxımdan Azərbaycanın digər regionları ilə üzvü surətdə bağlı olduğunu göstərib.

“Elm” nəşriyyatında çapdan çıxan kitabın rəyçiləri professorlar Abbas Seyidov və Nəcəf Müseyiblidir.

Monoqrafiya arxeoloqlar, tarixçilər, etnoqraflar, həmçinin geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.
Bu xəbər oxucular tərəfindən 83 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed