Şrift:
İranda koronavirusa yoluxanların sayı 4747 nəfərə, xəstəlikdən ölənlər sayı isə 124 nəfərə yüksəlib
07.03.2020 [09:52] - Güney Azərbaycan xəbərləri
İrandan koronavirusda ölənlərin və xəstəliyə tutulanların sayı hər ötən gün yüksəlməyə davam edir.



İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpurun bu gün yaydığı məlumata əsasən, artıq yoluxanların sayı 4747, ölənlərin sayı isə 124 nəfərə yüksəlib. Bu isə onu göstərir ki, ölkədə dünən günorta saatlarından bu günə qədər əlavə 1234 nəfər virusa yoluxub. Həmin müddət ərzində 17 nəfər isə dünyasını dəyişib.



Bu gün yayılan statistiklar göstərir ki, İran virusa yoluxanların sayı sahəsində Çin və Cənubi Koreyadan sonra 3-cü yerdə, ölənlərin sayına görə isə Çindən sonra 2-ci yerdə qərarlaşıb.



Kiyanuş Cahanpur bu gün etdiyi açıqlamada Tehranın xəstəliyin ən çox yayıldığı bölgə olduğunu deyib. O, həmçinin şimal əyalətlərinə səfər edən insanları tənqid edərək, onlara onsuzda həmin əyalətlərə giriş icazəsi verilməyəcəyini, buna görə də, məcbur olub öz şəhərlərinə qayıdacaqlarını deyib.



Son günlər müxtəlif bölgələrin insanları məktəb və universitetlərin tətilə buraxılması, eləcə də dövlət idarələrində iş saatlarının azaldılmasından istifadə edərək, şimal əyalətlərinə səfər edirlər. Bu isə koronavirusun daha da geniş yayılmasına şərait yaradır. İran Səhiyyə Nazirliyi bir neçə gün əvvəl insanları bu addımdan əl çəkməyə, evləri və şəhərlərində qalmaqla, özlərini karantinə almağa çağırmışdı.



Hətta Səhiyyə naziri bəzi insanların koronavirusa əhəmiyyət verməməsi və xəstəlik ətrafında zarafat yaratmasını tənqid etmiş, bu halın davam etdiyi təqdirdə, virusun ölkədə uzun müddət qalacağını demişdi.
Bu xəbər oxucular tərəfindən 264 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed