Şrift:
İrsi xarakter daşıyan anadangəlmə hemeralopiya müalicəyə tabe olmur
07.03.2020 [11:29] - Xəbərlər, Sosial
Tibdə hemeralopiya, el arasında “toyuq korluğu” kimi tanınan bu xəstəlik, gecə görmə qabiliyyətinin zəifləməsi və zəif işıqlanan sahələrdə qaranlığa adaptasiyanın azalması deməkdir. Hemeralopiyadan əziyyət çəkənlər alaqaranlıq, işıq zəif düşən yerlərdə, axşam vaxtlarında ətraf mühiti yaxşı seçə bilmirlər. Onlarda qaranlığa adaptasiya çox çətin olur. “Toyuq korluğu” bəzi xəstəliklərin simptomu kimi özünü büruzə verir.

Hemeralopiyanın əsas üç növü ayırd edilir: anadangəlmə, simptomatik, essensial. İrsi xarakter daşıyan və erkən uşaqlıq dövründə təzahür edən anadangəlmə hemeralopiya, ümumiyyətlə, müalicəyə tabe olmur. Anadangəlmə toyuq korluğuna Aşer sindromu, piqmentli retinitin irsi forması və irsən ötürülən digər patologiyalarda rast gəlinir. Hemeralopiyanın simptomatik forması qlaukoma, yüksək dərəcəli miopiya, retinopatiya, torlu qişanın ayrılması, katarakta, xorioretinir, görmə sinirinin atrofiyası, sideroz, gözün şüa yanıqları, yəni fotooftalmiya və s. oftalmoloji patologiyalar fonunda inkişaf edir. Essensial və ya funksional hemeralopiya orqanizmdə A, B2, PP vitaminlərinin kəskin çatışmazlığı və ya ümumən olmaması nəticəsində yaranır.

Hipo və avitaminoza, qaraciyər xəstəlikləri, yuxusuzluq, sinir və ya fiziki yüklənmə, spirtli içkilərin qəbulu və siqaret çəkmək, kompüterdə uzun müddət ərzində işləmək, göz yorğunluğu, qanazlığı, həddindən artıq arıqlama, şəkərli diabet, qida maddələrinin sorulma proseslərinin pozulması ilə müşayiət olunan xroniki qastrit, enterit, kolit və s. kimi mədə-bağırsaq traktı xəstəlikləri, retinolun antaqonistləri ilə müalicə zamanı, suçiçəyi, herpes, məxmərək, qızılca kimi keçirilmiş infeksion xəstəliklər, pəhriz saxlamaq hemeralopiyanın təkanverici amillərindən hesab olunur.

Hemeralopiyanın formasından asılı olmayaraq, qaranlıqda görmə qabiliyyətinin pisləşməsi eyni mexanizmlə – torlu qişanın çöpşəkilli hüceyrələrində rodopsin piqmentinin sintezinin pozulması ilə bağlıdır.

Bu barədə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin elmi -məlumat və təşkilati metodik bölməsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva məlumat verib.
Yazgül Abdıyeva bildirib ki, anadangəlmə hemeralopiya axşam saatlarında və qaranlıq məkanda görmə itiliyinin azalması ilə özünü büruzə verir. Hemeralopiyalı insan zəif işıqlandırılma şəraitində məkan qavrayışını itirir, ətrafdakı əşyaları seçə bilmir. Gündüz vaxtı isə heç bir narahatlıq yaranmır.

Bundan əlavə, gözlərdə quruluq və yad cisim hissi əmələ gəlir. Hemerolopiya görmə sahəsinin daralması, sarı və göy rəngləri ayırd etmə qabiliyyətinin zəifləməsi ilə də müşayiət olunur.

Essensial hemeralopiya zamanı konyunktivada kserotik İskerski-Bito lövhəcikləri – göz yarığının hüdudları daxilində yerləşən yastı quru ləkələr formalaşır. Oftalmoloji simptomlarla yanaşı dəri örtükləri və selikli qişanın quruluğu, bədəndə hiperkeratoz sahələrinin yaranması, dərinin qabıqlanması və cızılması, diş ətinin qanaması müşahidə edilir.

Milli Oftalmologiya Mərkəzinin elmi -məlumat və təşkilati metodik bölməsinin rəhbəri qeyd edib ki, irsi patologiya ilə rast gəlinən anadangəlmə hemeralopiya sağalmaz xəstəlikdir. Bu tip şəxslərdə toranlıqda görmənin davamlı zəifləməsi müşahidə edilir. Qazanılmış formalarda isə qaranlığa uyğunlaşmanın pozulmasına səbəb olan amillər aşkarlanır və aradan qaldırılır. Miopiya fonunda yaranan hemeralopiya zamanı eynək və ya kontakt linza təyin olunur, yaxından görmənin lazer korreksiyası, refraksion əməliyyatlar - skleroplastika, keratoplastika və s. aparılır. Qlaukoma və ya katarakta mənşəli hemeralopiyalarda bu xəstəliklərin cərrahi müalicəsi tələb olunur. Torlu qişanın ayrılması lazer koaqulyasiyasına göstəriş sayılır.

Xəstəliyin essensial formasında ilk növbədə qidalanma normaya salınır: gündəlik rasion retinol və karotinlə zəngin məhsullarla - kərə yağı, treskanın qaraciyəri, pendir, süd, yumurta sarısı, kök, ispanaq ilə zənginləşdirilir. Vitamin tərkibli göz damcıları təyin olunur. Riboflavin, A vitamini, nikotin turşusu daxilə qəbul edilir. Həmçinin mədə-bağırsaq traktı xəstəlikləri və şəkərli diabetin müalicəsi aparılmalıdır.

“Simptomatik hemeralopiya qaranlığa uyğunlaşmanın bərpası və ya görmə funksiyasının itirilməsi ilə nəticələnə bilər. Proqnoz əsas xəstəliyin ağırlığından asılıdır. Funksional forma müalicəyə asan tabe olur. Onun gedişi qənaətbəxş sayılır – toranlıqda görmə tam şəkildə bərpa olunur. Onu da qeyd edim ki, hemeralopiyalı pasiyentlərdə çox vaxt qaranlıqdan qorxma hissi yaranır. Bu da fobiya, sayrışan hallar və psixi pozğunluq kimi təzahür edə bilər.

Patologiyanın profilaktikası orqanizmin lazımi vitaminlərlə təmin olunmasına və torlu qişanın müdafiəsinə yönəldilir. Bu məqsədlə qidalanma rejiminə fikir verilməli, günəşli havada və zərərli şüalanma şəraitində işlədikdə qoruyucu eynək taxılmalı, yanaşı gedən patologiyalar müalicə olunmalıdır. Hemeralopiyalı şəxslər flüoressent lampalardan istifadə etməməlidirlər. Yüngül dərəcəli miopiyası olan uşaqların axşam saatlarında eynək taxması məsləhət görülür”, - deyə Y.Abdıyeva diqqətə çatdırıb.
Bu xəbər oxucular tərəfindən 100 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed