Şrift:
İran rəsmisi: “Gilanda 200-dən çox insan koronavirusdan ölüb”
09.03.2020 [10:24] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran səhiyyə nazirinin Gilan əyalətindəki tam səlahiyyətli nümayəndəsi Məhəmməd Hüseyn Qurbani martın 8-də Rəşt şəhər şurasının səhiyyə komissiyasının növbədənkənar iclasında çıxış edərək Gilanda koronavirusla bağlı vəziyyətin faciə həddinə çatmasından danışıb.



O bildirib ki, Gilan əyalətində virusdan ölənlərin sayı rəsmi tribunalardan elan edilən rəqəmlərdən çoxdur: “Gilan əyalətində 200-dən çox insan koronavirusdan ölüb, 900-ə yaxın insan da virusa yoluxub. Təəssüflər olsun ki, əyalətdə koronavirusun yayılmasının qarşısını almaq üçün zəruri tibbi avadanlıqların sayı azdır və xəstələr pərakəndə şəkildə xəstəxanalara qəbul edilir, müalicə alırlar” -deyə, İran səhiyyə nazirinin Gilan əyalətindəki tam səlahiyyətli nümayəndəsi Məhəmməd Hüseyn Qurbani əlavə edib.



Qurbaninin bu açıqlaması bir neçə hökumət saytında yayılsa da, az sonra bütün saytlardan silinib. Xəbərin rəsmi saytlardan silinməsinin ardınca, Məhəmməd Hüseyn Qurbani “Fars” agentliyinə açıqlamasında Rəşt şəhər şurasının iclasında dediklərini açıq-aşkar inkar edib: “Mənim iclasda dediyim odur ki, son 16 gün ərzində Gilanda 200 nəfər tənəffüs yollarında yaranmış problemə görə ölüblər. Mən həmin insanların hamısının koronavirusdan öldüyünü deməmişəm” -deyə, Qurbani əvvəlki açıqlamasına düzəliş edib.



Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur martın 8-də ölkədə koronavirus qurbanlarının yeni statistikasını açıqlayıb. O deyib ki, ölkədə virusdan ölənlərin sayı 194-nəfərə, yoluxanların sayı isə 6566 nəfərə yüksəlib.
Bu xəbər oxucular tərəfindən 71 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed