Şrift:
Qızıl Aypara Cəmiyyətinin fəaliyyətə başlamasının 100 ili tamam olur
10.03.2020 [10:56] - Gündəm, Sosial, Bildiriş
Dünyada humanitar və xeyriyyəçilik sahəsində fəaliyyət göstərən müxtəlif təşkilatlar arasında geniş şəbəkəyə və zəngin tarixə malik Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatını xüsusi vurğulamaq daha doğru olardı. Onun yaradılması ideyası hərəkatın qurucusu isveçrəli tacir, sülh üzrə Nobel mükafatçısı Anri Dünana məxsusdur. Sonralar ayrı-ayrı dünya dövlətləri hərəkatın zəruriliyini və ciddiliyini nəzərə alaraq, öz ölkələrində həmin humanitar missiya ilə məşğul olan təşkilatların yaradılmasına razılıq verdilər.

Ölkəmizin həmin beynəlxalq hərəkata qoşulması 1920-ci ildən başlayıb. Həmin il martın 10-da Azərbaycan Xalq Cümhuriyyətinin müdafiə naziri əvəzi, general-leytenant Əliağa Şıxlinskinin təşəbbüsü və Fətəli Xan Xoyskinin rəhbərlik etdiyi hökumətin qərarı ilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyəti üçün hökumət tərəfindən 483,490 rubl məbləğində maliyyə vəsaiti ayrılıb.

Milli cəmiyyət dövlətin və xalqın dəstəyinə arxalanaraq humanitar problemlərin həllində fəal iştirak edib. Lakin 1920-ci il aprel çevrilişindən sonra cəmiyyətin fəaliyyəti məhdudlaşdırılıb və 1923-cü ilədək həmin humanitar cəmiyyət Azərbaycanda formal olaraq Rusiya Qızıl Xaç Cəmiyyətinin nümayəndəliyi kimi fəaliyyət göstərib.

İkinci dünya müharibəsi illərində yaralı əsgərlərə göstərdikləri fədakar və qayğıkeş xidmətləri, qan donorluğu sahəsində, ümumiyyətlə tibbi yardım sahəsindəki xeyirxah işlərini nəzərə alaraq, bir çox şəfqət bacısı Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının ən yüksək mükafatı “Florens Naytinqeyl” (Florence Nightingale) medalı ilə təltif ediliblər. Onların arasında Azərbaycan Qızıl Aypara Cəmiyyətin 12 şəfqət işçisi də olub.
Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Milli Məclisin qərarına əsasən milli cəmiyyət dövlət tərəfindən rəsmən tanınıb. Bundan sonra 1995-ci il noyabrın 1-də Azərbaycan Qızıl Aypara Cəmiyyəti Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən rəsmən tanınıb. Həmin il noyabrın 26-da isə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasına daimi üzv qəbul edilib.

Prezident İlham Əliyev 2004-cü il yanvarın 31-də “Azərbaycan Qızıl Aypara Cəmiyyətinə dövlət qayğısının artırılması haqqında” Sərəncam imzalayıb. 2007-ci ildə “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında” Qanunun qəbulu cəmiyyətin status, hüquq və fəaliyyət istiqamətlərinin müəyyən edilməsi baxımından mühüm addım oldu. Dövlət başçısı bu sahədə 9 fərman və sərəncam imzalayıb.

Milli cəmiyyət hazırda 300 mindən çox üzvü və 20 minə yaxın könüllünü öz ətrafında birləşdirir. Hazırda 92 rayon, şəhər, sahə bölməsi, 7 regional mərkəz fəaliyyət göstərir. Cəmiyyətin əsas məramı müvafiq qanunvericilik çərçivəsində əhalinin aztəminatlı təbəqəsinə, münaqişə, təbii və texnogen fəlakətlər zamanı zərərçəkənlərə təmənnasız ilkin tibbi-sosial, humanitar yardım və digər zəruri xidmətlərin göstərilməsindən ibarətdir.

Azərbaycan Qızıl Aypara Cəmiyyəti yarandığı 1920-ci ildən indiyədək aztəminatlı ailələrə, müalicəyə və yardıma ehtiyacı olanlara, tənha qocalara, miqrantlara və s. kimi həssas təbəqədən olanlara humanitar missiya çərçivəsində daim dəstək verir. Milli cəmiyyət özünün Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatından bəhrələnən xüsusi humanitar missiyalı mandatı ilə dövlətin bu sahədə ən fəal yardımçısıdır.

Prezident İlham Əliyev 2008-ci il aprelin 7-də hər il martın 10-nun Qızıl Aypara Günü kimi qeyd edilməsi haqqında Sərəncam imzalayıb.
Bu xəbər oxucular tərəfindən 536 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed