Şrift:
Martın 15-də və 29-da keçirilməsi nəzərdə tutulan imtahanlar təxirə salındı
10.03.2020 [12:24] - Gündəm, Sosial, Bildiriş
Martın 15-də və 29-da keçirilməsi nəzərdə tutulan imtahanlar təxirə salınıb.

Dövlət İmtahan Mərkəzidən bildirilib ki, koronavirus infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən təxirəsalınmaz tədbirlərə uyğun olaraq yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə martın 15-də və 29-da keçirilməsi planlaşdırılan imtahanlar təxirə salınıb.

Xatırladaq ki, martın 15-də Naftalan, Goranboy, Daşkəsən, Mingəçevir, Şəmkir, Gədəbəy, Balakən, Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Masallı, Astara, Göyçay, Ağdaş, Ucar, İsmayıllı, Qobustan, Ağcabədi, Xocavənd, Füzuli, Beyləqan, Salyan, Neftçala, Hacıqabul, Qusar, Quba, Siyəzən, Xızı rayonlarında (o cümlədən Bakı şəhəri üzrə xüsusi məktəblər) yerləşən orta ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsi, martın 29-da isə 9 illik təhsil bazasından kollecə qəbul olmaq istəyən əvvəlki illərin məzunları (həmçinin cari ilin məzunları üçün əlavə xarici dil imtahanları) üçün qəbul imtahanının keçirilməsi nəzərdə tutulmuşdu.

Bu istiqamət üzrə, eləcə də martın 9-da keçirilməli olan imtahanın vaxtı imtahanların keçiriləcəyi tarixdən 1 həftə öncə elan olunacaq.

Dövlət İmtahan Mərkəzi XI sinif buraxılış imtahanı iştirakçılarının nəzərinə çatdırır ki, bu imtahanların əvvəlcədən elan olunmuş qrafikə uyğun keçirilməsi nəzərdə tutulur. Mövcud vəziyyətlə əlaqədar imtahanların keçirilmə tarixlərində hər hansı dəyişiklik baş verərsə, əvvəlcədən elan olunacaq.

Abituriyentlərə və valideynlərə tövsiyə edilir ki, imtahan və tədris prosesində yaranmış fasilədən istifadə edərək dərslərdən uzaqlaşmamaq üçün ev şəraitində Dövlət İmtahan Mərkəzinin “Youtube” kanalı vasitəsilə təqdim edilən “vizuallaşdırılmış dərs” və otk.az portalında keçirilən onlayn sınaq imtahanı xidmətlərindən istifadə etsinlər.

“Vizuallaşdırılmış dərs”lərdə qəbul imtahanı fənləri üzrə V sinifdən başlayaraq dərsliklərdə verilmiş materiallar mövzu-mövzu bir neçə dəqiqəlik video formasında təqdim olunur. Burada əsas anlayışlar, mövzu ilə bağlı izahlar, dərsin əsas məzmunu əks olunur. Hazırlanmış materiallardan istifadə ödənişsizdir.

Otk.az portalında isə bütün istiqamətlər üzrə onlayn sınaq imtahanları vermək mümkündür.
Bu xəbər oxucular tərəfindən 91 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed