Şrift:
Azərbaycan Tibb Universitetinin 26 tələbəsinə əlavə təqaüd veriləcək
10.03.2020 [14:27] - Gündəm, Sosial
Bu il ərzində Azərbaycan Tibb Universitetinin (ATU) bəzi tələbələri əlavə aylıq təqaüd almaq imkanını qazanıblar.

Universitetin mətbuat xidmətindən bildiriblər ki, bu imkan ATU ilə tibbi servis şirkəti “Medi Club” MMM arasında imzalanan əməkdaşlıq müqaviləsinə əsasən yaranıb.

Müqaviləyə əsasən, həmin şirkət Tibb Universitetinin 26 tələbəsinə hər ay əlavə olaraq 150 manat təqaüd ödəyəcək. Bundan əlavə, universitetin tələbə və rezidentləri pulsuz təlimlərdə iştirak etmək imkanı qazanıblar.

Ötən il ATU-nun rektoru, professor Gəray Gəraybəyli ilə “Medi Club”ın baş direktoru Sabir Adnayev arasında imzalanan müqaviləyə əsasən, universitetin 10 tələbəsinə aylıq 150 manat məbləğində təqaüd ödənilirdi. Bu ildən etibarən “Medi Club” tərəfindən təqaüd qazanan tələbələrin sayı artaraq 26-ya bərabər olub.

Qeyd edək ki, müqavilənin şərtlərinə görə, “Medi Club” ATU-nun hər ixtisas üzrə bir rezidentinin kompüter tomoqrafiyası, poliklinik terapiya, pediatriya və təcili yardım üzrə rotasiya tsikllarını keçməsi üçün öz kliniki bazasını təqdim edir. Bundan əlavə, müqavilədə tələbələrin şirkətin bazasında ödənişsiz staj keçməsi və müştərək elmi işlər aparılması da nəzərdə tutulub.

“Medi Club” MMM ilə Tibb Universiteti arasındakı əməkdaşlığın daha da genişləndirilməsi, təqaüd ayrılan tələbələrin sayının gələcəkdə artırılması nəzərdə tutulub.

Həmçinin, əməkdaşlıq çərçivəsində ATU-da bu ildən etibarən açılacaq fizioterapist ixtisası üzrə təhsil alacaq tələbələrin Gənclər və İdman Nazirliyinin tərkibində olan tibbi idman reabilitasiya mərkəzlərində təcrübə keçmələri də təşkil oluna bilər.
Bu xəbər oxucular tərəfindən 379 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed