Şrift:
Hər zaman xatırlanan qüdrətli gülüş ustası
10.03.2020 [15:42] - Xəbərlər, Mədəniyyət
Bu gün qüdrətli gülüş ustası, səhnəmizin “qaynana”sı, Akademik Musiqili Teatrın inkişafında müstəsna rol oynayan, qırx ildən çox işlədiyi sənət ocağının repertuar ağırlığını ləyaqətlə çiyinlərində daşıyan Xalq artisti, Dövlət mükafatı laureatı Nəsibə Zeynalova vəfatından 16 il ötür.

Geniş diapazona, əlvan xarakter xüsusiyyətlərinə, təbii yumor gücünə malik Nəsibə Zeynalovaya tale əsl səhnə ustası üçün lazım olan bütün keyfiyyətləri bəxş etmişdi. Demək olar ki, Nəsibə Zeynalova, anadan artist doğulmuşdu. Onun barəsində danışmaq, musiqili teatrımızdan söhbət açmaq deməkdir.

Nəsibə xanım 1916-cı il aprelin 2-də Bakıda doğulub. Atası Kərbəlayı Cahangir tanınmış tacir və sevimli aktyor idi. Azərbaycan milli realist aktyor məktəbinin banisi məhz Cahangir Zeynalov olub. İlk və yeganə övladı olanda arzu edib ki, qızı onun sənətini davam etdirsin. Ancaq bu arzusunun gerçəkliyini görmək ataya nəsib olmayıb.1918-ci ilin mart ayında erməni daşnakları Bakıda kütləvi qırğınlar törədəndə Cahangir Zeynalov ailəsi ilə İrana gedib. Sentyabrda Bakıya qayıdanda gəmidə xəstəliyə tutulan Cahangir Zeynalov qısa müddətdə rəhmətə gedib. Onda balaca Nəsibənin iki yaşı vardı. Buna baxmayaraq o, atasının arzusunu inamla həqiqətə çevirib. Nəsibə Zeynalova Azərbaycan realist aktyor məktəbinin ən layiqli nümayəndələrindən biri kimi formalaşıb və şöhrətlənib.

Ömrünü Musiqili Komediya Teatrı ilə bağlayan aktrisa sənət ocağının müəyyən fasilələrlə truppa, Filarmoniyanın nəzdində dəstə-ansambl şəklində fəaliyyət göstərdiyi illərdə də kollektivdən ayrılmayıb. Aktrisa Azərbaycan klassik operettalarının tamaşalarında Gülpəri, Cahan xala, Sənəm (“Ər və arvad”, “Arşın mal alan” və “Məşədi İbad”, Üzeyir bəy Hacıbəyli), Mələk xanım və Kələk xanım (“Əlli yaşında cavan”, Zülfüqar bəy Hacıbəyov) kimi xarakterik səhnə obrazlarında çıxış edib.

Aktrisanın zəngin rollar qalereyasında tərcümə əsərlərində ifa etdiyi Kabato və Barbale (“Keto və Kote”), Ziraldina (“İki ağanın bir nökəri”), Zivər xanım (“Məhəbbət gülü”), Qesiya (“Tiflis nəğməsi”), Gülbadam (“Qız anası”) rollarının xüsusi yeri var.
Nəsibə Zeynalovanın yaradıcılığının ən parlaq dövrü isə çağdaş bəstəkarların müasir mövzusu musiqili komediya əsərlərinin tamaşalarındakı bir-birindən fərqlənən komik personajların ifası ilə bağlıdır.

Uzun illər gənclik ilhamı ilə canlandırdığı bir-birinə bənzəməyən parlaq obrazlar səhnəmizin qiymətli inciləridir. Böyük sənətkarın yaratdığı obrazlar hər dəfə ekranda canlanarkən bütün tamaşaçılar kimi aktyor dostları da dərin sevinc içərisində olurlar, çünki onunla nə vaxtsa bir səhnədə çıxış etdiklərini böyük bir səadət hesab edirlər.

Xüsusilə, Cənnət xala, Nargilə, Züleyxa rolları zəngin ifadə vasitələri, yumorun milliliyi, təbii reallığı ilə səhnəmizin nadir inciləri sırasında durur. Azərbaycan televiziyasında onlarla yumoristik səhnəciklərdə, teletamaşalarda, intermediyalarda çıxış etmiş Nəsibə Zeynalova, həmçinin Cəfər Cabbarlı adına “Azərbaycanfilm”in çoxlu ekran əsərlərinə çəkilib. Kino obrazları içərisində Fatmanisə (“Ögey ana”), Telli (“Böyük dayaq”), Züleyxa (“Ulduz”), Cənnət xala (“Qaynana”), Gülsüm (“Molla Fətəlinin sərgüzəşti”), Əsli xala (“Bəyin oğurlanması”) rolları daha canlı və daha şöhrətlidir.

Bədii filmlərdə yaratdığı bir sıra obraz “Azərbaycanfilm” kinostudiyasının qızıl fonduna daxil edilib.

Azərbaycanın Xalq Artisti, müxtəlif dövlət mükafatlarına layiq görülmüş Nəsibə Zeynalova üçün ən böyük mükafat – tamaşaçı sevinci, tamaşaçı alqışı idi. Onun qazandığı bu alqış və sevgi əbədidir, tükənməzdir.

Nəsibə Zeynalova 2004-cü il martın 10-da Bakıda vəfat edib və Fəxri xiyabanda dəfn olunub.
Bu xəbər oxucular tərəfindən 93 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed