Şrift:
Xocavənddə “Qarabağa doğru” yürüşü keçirilib - FOTO
01.10.2012 [10:55] - Xəbərlər, Sosial
Xocavənd rayonunun Ermənistan ordusu tərəfindən işğalının 20 illiyinə etiraz əlaməti olaraq 29 sentyabr 2012-ci il tarixdə rayonun Nərgiztəpə ərazisinə “Qarabağa doğru” devizi altında yürüş keçirilib.

Bu barədə Davam.az saytına Xocavənd rayonu İcra Hakimiyyətindən məlumat verilib.

Nərgiztəpə təmas xəttinin yaxınlığında yerləşir.Bu ərazi Dağlıq Qarabağın işğaldan azad olunmuş hissəsidir.

Sentyabrın 29-da səhər çağlarından başlanan yürüş Nərgiztəpə ərazisində şəhidlərin xatirəsinə ucaldılmış “Şəhidlər” abidə - xatirə kompleksi önündə toplantı ilə başa çatdırılıb. Rayon sakinləri, şəhid ailələri, müharibə veteranları, məktəblilər və ictimaiyyət nümayəndələrinin ümumilikdə 2000 nəfərdən artıq insanın qatıldığı yürüş-mitinqdə üç min metrə yaxın məsafə qət edilib, ermənistanın işğalçılıq siyasətini pisləyən, Qarabağı, işğal altında olan torpaqlarımızı azad etmək və tezliklə doğma yurdlara qayıtmaq istəklərindən bəhs edən şüarlar səsləndirilib.

Sonda yürüş iştirakçılarının beynəlxalq təşkilatlara ünvanlanmış müraciəti qəbul edilib.

Müraciətdə bildirilib ki, Azərbaycan Respublikasının Xocavənd rayonu 1992-ci il oktyabrın 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İşğal nəticəsində xalqımızın qədim maddi mədəniyyət nümunələri talan edilərək yandırılıb, yüzlərlə insan erməni terrorunun qurbanı olub, rayonunun azərbaycanlı əhalisi məcburi köçkün kimi respublikanıb müxtəlif bölgələrində məskunlaşıb.

“Biz, Dağlıq Qarabağdan olan məcburi köçkünlər regionda etnik təmizləmə siyasətini həyata keçirmiş, bütün bəşəriyyət üçün qara ləkə olan Xocalı, Qaradağlı və neçə - necə qanlı soyqırımlarını həyata keçirmiş Ermənistan Respublikasına və Dağlıq Qarabağdakı cinayətkar rejimə göstərilən bütün siyasi, maddi yardım, mənəvi dəstəkləri qətiyyətlə pisləyir, bunun beynəlxalq hüquq prinsiplərinə tamamilə zidd olduğunu bəyan edirik.

Bununla yanaşı, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı qəbul etmiş 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına hörmətin ifadə edildiyi, zor işlədilməklə sərhədlərin dəyişdirilməsinin yolverilməzliyinin qeyd olunduğu və erməni hərbi birləşmələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması tələbinin də olduğunu bir daha nəzərinizə çatdırırıq.
Biz sizdən, humanizm ideyalarının daşıyıcı olan bütün beynəlxalq təşkilatlardan tələb edirik ki, Ermənistanın işğalçılıq siyasətinin ifşa olunması üçün təsirli tədbirlər görülsün. Bununla yanaşı, erməni təcavüzünün qurbanı olan bir milyondan çox insanın haqq səsi eşidilsin və pozulmuş hüquqlarımızın bərpa olunması üçün ermənilərin cinayətkar əməlləri beynəlxalq səviyyədə qınaq obyektinə çevirilsin.

Biz, Xocavənd rayonundan olan məcburi köçkünlər birmənalı surətdə bəyan edirik ki, nəyin bahasına olursa da olsun öz doğma yurdlarımıza qayıdacağıq! Bu bizim haqqımızdır və bu haqqı heç kimə və heç nəyə güzəştə getmək fikirimiz yoxdur! Biz sadəcə öz evimizə getmək istəyirik!”-deyə müraciətdə vurğulanıb.

Qeyd edək ki, Xocavənd rayonu 1992-ci il oktyabrın ayının 2-də Ermənistan silahlı birləşmələri və onların havadarları tərəfindən işğal edilib. İşğal nəticəsində rayonun azərbaycanlılar yaşayan 10 kəndində 1723 yaşayış evi ermənilər tərəfindən yandırılaraq əmlakları talan edilib, 47 sənaye, 144 kənd təsərrüfatı obyekti dağıdılaraq viran edilib. Erməni vandalları tərəfindən 17 təhsil müəssisəsi, 4 məktəbəqədər tərbiyə ocağı, 32 səhiyyə məssisəsi, 59 mədəniyyət obyekti, 10 tarixi abidə dağıdılıb. Rayonun infrastrukturuna aid olan 12 rabitə qovşağı, 341 km aftomobil yolları, 32 körpü, 42 su anbarı və 316 km su kəməri xətti dağıdılıb, talan edilərək yararsız hala salınıb. İşğal nəticəsində vurulmuş maddi, mənəvi ziyanla barəbər, rayonun bitki və meşə örtüyünə də böyük miqdarda zərər dəyib. Belə ki, rayonun 1202 ha meşə sahəsindəki qiymətli ağac növləri qırılaraq məhv edilib.

Xocavəndlilər öz ata - baba yurdlarının müdafiəsi uğrunda 13 nəfəri qadın, 13 nəfəri uşaq olmaqla 145 nəfər şəhid verib, rayon sakinlərindən 300 nəfərdən çox insan sağlamlığını itirib və ya əlil olub, 243 uşaq valideynlərindən birini, 68 qadın həyat yoldaşını itirib. Müxtəlif dövrlərdə girov götürülmüş 110 nəfər dinc sakinlərdən 49 nəfəri əsir və girovluqda olarkən erməni terroru və vəhşiliyinin qurbanı olub, bir ailədən olan 3 uşaq hər iki valideynini itirib.
Bu xəbər oxucular tərəfindən 1481 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed