Şrift:
"Azərbaycan Rusiyanın təkbaşına vasitəçiliyindən imtina etməlidir"
01.10.2012 [11:15] - Siyasət
Elxan Şahinoğlu: “Kremlin Ermənistana öz hərbi obyektlərini peşkəş etməsi fonunda Qəbələ RLS-dən imtina üçün əsasımız güclənib”

Rusiya hökuməti Ermənistana növbəti dəfə böyük partiya silah və texnika bağışlayıb. Politoloq Qabil Hüseynli ötən gün açıqlamasında Rusiyanın Ermənistana budəfəki hədiyyəsinin 5 milyard dollar həcmində olduğunu deyib.

Qeyd edək ki, bir qədər əvvəl mətbuatda Ermənistan ərazisində yerləşən 10-a yaxın Rusiya hərbi məntəqəsinin Ermənistana bağışlanacağı ilə bağlı məlumatlar yayılmışdı. Məlumatlarda qeyd olunurdu ki, Rusiya Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinə erməni tərəfi ilə danışıqlar aparmaq və sənəddə heç bir prinsipial dəyişiklik etmədən protokolu imzalamaq tapşırılıb. Protokolda hərbi bazanın yerləşəcəyi 30 məntəqənin siyahısı öz əksini tapıb. Protokol qüvvəyə mindikdən sonra bu məntəqələrdən 10-u təhvil-təslim edilərək Ermənistana veriləcək.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlu deyir ki, Rusiyanın Ermənistandakı hərbi obyektlərinin önəmli qismini bu ölkəyə peşkəş etməsi xəbəri təsdiqlənsə, bu, Kremlin Azərbaycana münasibətlərində təsirsiz ötüşməyəcək. Ekspertin fikrincə, Vladimir Putin Kremlə yiyələndikdən sonra Moskvanın Azərbaycanı zəiflətmək planlarını yenidən işə salıb. E.Şahinoğlunun fikrincə, rəsmi Bakı bu məlumata ciddi yanaşmalı, Rusiyanın Azərbaycandakı səfirini izahat üçün XİN-ə çağırmalıdır: “Elə bilməsinlər ki, Rusiyanın bu addımını da asanlıqla həzm edəcəyik. Yox, əgər Azərbaycan hakimiyyəti seyrçi qalacaqsa, bu, ölkəmizin imicinə mənfi təsir edəcək, hamı görəcək ki, biz Rusiya-Ermənistan hərbi əməkdaşlığı qarşısında acizik. Əgər rəsmi Bakının xəbərdarlıqlarına rəğmən, Rusiya adı çəkilən hərbi obyektləri Ermənistanın ixtiyarına verərsə, Azərbaycan hakimiyyəti konkret iki addım atmalıdır. Birinci addım, Qəbələ RLS-lə bağlı nəzərdə tutulan anlaşmanın imzalanmamasıdır. Gələn xəbərlərə görə, tərəflər RLS-in iki illiyinə icarəyə verilməsinə dair sövdələşməyə yaxındırlar. Belə bir sövdələşmə əldə ediləcəksə, bu, Azərbaycanın xeyrinə olmayacaq, torpaqlarımızı işğal edən Ermənistanın strateji müttəfiqinin öz evimizdə daha iki il rahat yaşamasına öz əlimizlə şərait yaradacağıq. Rusiyanın Ermənistana hərbi obyektlərini peşkəş etməsi xəbərinin yayılması fonunda Qəbələdəki RLS-dən imtina etmək üçün əsasımız bir az daha güclənib”.

E.Şahinoğlunun fikrincə, Rusiyaya cavab olaraq atılacaq ikinci ən mühüm addım kimi Azərbaycanın Türkiyə ilə hərbi əməkdaşlığının üst səviyyəyə qaldırılması ola bilər: “Təəssüf ki, rəsmi Bakı strateji müttəfiq adlandırdığı Türkiyə ilə bu istiqamətdə ciddi əməkdaşlığa hazır deyil. Ancaq bıçaq sümüyə dirənib, Rusiya-Ermənistan hərbi əməkdaşlığı bizi ciddi şəkildə təhdid edir, gecikməz olmaz, Türkiyə ilə hərbi əməkdaşlığı gündəmə gətirməliyik”.

Ekspertə görə, yeni situasiya Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlar prosesinə ciddi təsir edə bilər. E.Şahinoğlunun fikrincə, Azərbaycan hakimiyyəti bu faktdan istifadə edərək Rusiyanın təkbaşına vasitəçiliyindən imtina edə bilər: “Təəssüf ki, biz 3 il Rusiyanın təkbaşına vasitəçilik missiyasına seyrçi qaldıq. Azərbaycanın hakimiyyət mənsubları düşünürdülər ki, Kreml Azərbaycanla iqtisadi və enerji əməkdaşlığını əlində rəhbər tutaraq, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə çalışacaq. Olmadı, ola da bilməzdi. Rusiya Cənubi Qafqazda son forpostu olan Ermənistanla strateji əlaqələri heç bir qaz anlaşmasına qurban verməz. Rusiya Ermənistanı əldən vermək istəmədiyi kimi, Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə həllində də maraqlı deyil. Rusiya ilə Ermənistan arasında artan hərbi əməkdaşlıq bundan xəbər verir. Rusiya Ermənistana dayanmadan silah verir, hərbi təlimlər keçirir, həmin silahlar isə bir az sonra Qarabağda peyda olur. Belə olan halda rəsmi Bakının, sadəcə, bir alternativi qalır: Rusiyanın təkbaşına vasitəçiliyindən imtina etmək”.

KƏNAN
Bu xəbər oxucular tərəfindən 1051 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed