Şrift:
İranın vitse-prezidenti və Xamneyinin ən yaxın adamlarından biri koronavirusa yoluxublar
12.03.2020 [09:27] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
"İnqilab Keşikçiləri Korpusu"na (Sepah) bağlı "Fars" xəbər agentliyi koronavirusa yoluxan və ya ondan ölən iranlı rəsmilərin adlarını ehtiva edən siyahı yayıb.



Listdə "dini lider" Əli Xamneyinin ofisinin nəzarət və audit üzrə şöbəsinin müdir müavini Məhəmməd Cavad İrəvaninin adı da gözə dəyir. "Fars" onun koronaya yoluxduğuna görə karantinə alındığını və vəziyyətinin "müsbətə doğru" getdiyini bildirib


Xamneyinin "beyti"nin mühüm və nüfuzlu şəxslərindən, eləcə də onun nəhəng biznes şəbəkəsini idarə edənlərdən biri hesab edilən İrəvani həmçinin Ali Məsləhət Şurasının üzvüdür. Şuranın bir üzvü- Məhəmməd Mirməhəmmədi martın 2-də koronavirusdan ölmüşdü.



Məlumatda İranın vitse-prezidenti İshaq Cahangirinin də koronavirusa yoluxduğu və hazırda karantinə salındığı deyilir. Cahangirinin son bir neçə gün öncədən dövlətin iclasların da, eləcə də Nazirlər Kabinetinin bu gün keçirilmiş toplantısında iştirak etməməsi onun xəstəliyə yoluxması ilə bağlı ehtimalları yüksəltmişdi.



Bundan başqa, Mədəni irs, Əl işləri və Turizm naziri Əli Əsgər Munesan, Sənaye naziri Rza Rəhmani və İran prezidentinin ailə, qadın və uşaq problemləri üzrə müavini Məsumə Ebtekarın da adları koronavirusa yoluxan rəsmilər arasındadır.



Siyahıda Milli Olimpia Komitəsinin sədri Rza Salehi Əmiri, sabiq Daxili İşlər və Ədliyyə naziri Mustafa Purməhhəmədi, habelə Böhran İdarəetmə Təşkilatının rəhbəri İsmayıl Nəccarın da xəstəliyə yoluxma səbəbindən hazırda karantində olduqları qeyd edilir.



Digər tərəfdən, ötən günlər ərzində İranın 10-cu çağırış millət vəkillərindən bir neçəsinin virusa yoluxduğu, 11-ci çağırış Parlament seçkilərində deputat seçilmiş Fatimə Rəhbərin isə xəstəlikdən öldüyü barədə məlumatlar yayılmışdı.



Bundan savayı, İranda yayılması rəsmi olaraq fevralın 19-da elan edilən koronavirus sadə vətəndaşlardan başqa, bu günə qədər digər bir neçə iranlı rəsminin də ölümünə səbəb olub.
Bu xəbər oxucular tərəfindən 254 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed