Şrift:
Suriya-İraq sərhəddində növbəti hücum- İrana bağlı 26 yaraqlı həlak olub
12.03.2020 [16:16] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Suriya-İraq sərhəddində İrana bağlı "Həşdəş-Şəbi" qruplaşması üzvlərinə qarşı yenidən hücum həyata keçirilib.



Suriya İnsan Haqlarına Nəzarət Qrupunun yaydığı məlumata əsasən, hücum naməlum ölkə tərəfindən Suriyanın Deyr əz-Zor əyalətinin Əbu Kamal bölgəsində həyata keçirilib, nəticədə 26 "Həşdəş-Şəbi" yaraqlısı həlak olub.



Ötən aylar ərzində sözügedən bölgədə İrana bağlı yaraqlılara qarşı dəfələrlə hücum baş tutub. Həmin hücumlara görə İsrailin adı hallansa da, rəsmi Tel-Əviv heç vaxt birbaşa olaraq hücumları həyata keçirdiyini bəyan etməyib.



Son hücum dünən Amerikanın Bağdaddakı Taci bazasına edilən və 1 amerikalı hərbçi və bir podratçının, eləcə də bir britaniyalı hərbçinin ölməsi, habelə 12 nəfərin yaralanmasına səbəb olan raket hücumundan sonra baş tutub.



Məsələyə münasibət bildirən Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin rəhbəri Mayk Pompeo ölkəsinin öz vətəndaşlarının öldürülməsi qarşısında səbr nümayiş etdirməyəcəyini demişdi. O, həmçinin öz britaniyalı həmkarı Dominik Raabla da məsələ ilə əlaqəli müzakirələr aparmışdı.



Hücumu kəskin şəkildə pisləyən Britaniyanın Baş naziri Boris Conson ölkəsinin və İŞİD-ə qarşı Beynəlxalq Koalisiyanın digər üzvlərinin baş verənləri araşdırdığını demişdi.



Rəsmilərin çıxışlarından bir neçə saat sonra isə Suriyanın İnsan Haqlarına Nəzarət Qrupu "Həşdəş-Şəbi", "Kətaibul-Hizbullah", "Əl-Nücəba Hərəkatı", "Kətaibu Seyyid-əş-Şühəda" və "Heydəriyyun Qvardiyaları" adlı İrana bağlı qruplaşmaların "İmam Əli bazası" da daxil olmaqla, müxtəlif hərbi obyektlərinin Əbu Kamal bölgəsində hava hücumuna məruz qaldığı ilə bağlı son məlumatı yayınlayıb.



"Həşdəş-Şəbi" hücumun Amerika tərəfindən pilotsuz uçan aparatlarla həyata keçirildiyini elan etsə də, Suriya televiziyası heç bir ölkənin adını hallandırmayıb.
Bu xəbər oxucular tərəfindən 47 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed