Şrift:
İqlim dəyişikliyi Amazonun tropik meşələrini məhv edə bilər
13.03.2020 [12:01] - Xəbərlər, Sosial
Amazon tropik meşələri iqlimin dəyişməsi səbəbindən yarım əsr sonra quru savannaya çevrilə bilər.

Bu barədə Nature Communications jurnalında dərc olunmuş tədqiqat materialında bildirilir. Tədqiqata əsasən, iqlim dəyişikliyinin geriyə dönüşü olmayan nöqtəyə çatması 15 ildən sonra daha bir böyük ekosistemi, Karib hövzəsindəki mərcan rifini məhv edə bilər. Ekspertlər xəbərdarlıq edirlər ki, bu cür iqlim dəyişiklikləri bütün canlılar üçün ağır nəticələr verəcək.

Amazon meşələrinə gəldikdə, hər iki halda bunun səbəbi insanların meşələri qırması, okeanın, o cümlədən də mərcan riflərinin çirkləndirilməsi nəticəsində iqlimdə baş verən dəyişikliklərdir. BMT-nin İqlim Dəyişmələri üzrə Hökumətlərarası Ekspert Qrupunun məlumatlarına görə, qlobal istiləşmə 1,5° selsiyə çatdığı təqdirdə dayaz yerlərdə mərcanların 90 faizi məhv olacaq. İstiləşmənin artıq 1° selsiyə çatdığını xatırladan ekspertlər xəbərdarlıq edirlər ki, temperaturun 2° selsi qalxması mərcan səddinin tam yox olması deməkdir.

Alimlərin fikrincə, Amazonun səthinin 35 faiz itməsi onun məhvinə gətirib çıxaracaq. Yeddi ölkəyə yayılan, beş milyon kvadratkilometrdən çox ərazini örtən tropik meşələrin 20 faizə qədər hissəsi son əlli ildə əsasən soya yetişdirmək, oduncaq, palma yağı, bioyanacaq əldə etmək üçün qırılıb.

Bu yaxında Amazonda və Avstraliyada nəzarətdən çıxan meşə yanğınları bir çox ekosistemlərin dağılma həddində olmasından xəbər verir. Əgər təxirəsalınmaz tədbirlər görünməsə, planetimiz on milyonlarla insan üçün həyati əhəmiyyətə malik, 58 milyon il ərzində genişlənərək inkişaf etmiş böyük və rəngarəng tropik meşələrdən birini itirər.
Bu xəbər oxucular tərəfindən 46 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed