Şrift:
Ərdəbil Koronavirus Epidemiyası ilə Mübarizə Mərkəzi virus böhranı ilə bağlı növbəti dəfə xəbərdarlıq edib
13.03.2020 [14:08] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycan əyalətlərində yaranan koronavirus böhranı gün keçdikcə nigaranlıqları artırır.



Bu barədə Ərdəbil Koronavirus Epidemiyası ilə Mübarizə Mərkəzi ikinci dəfə olaraq bəyanat yayıb.



Təhlükəli virusla bağlı xəbərdarlıq edilən bəyanatda insanlardan evdən çölə çıxmamaları tələb olunub.



“Ərdəbil Koronavirus Epidemiyası ilə Mübarizə Mərkəzi virus böhranının davam etdiyini diqqətə çatdıraraq hər kəsi tövsiyyə edilən tədbirlərə riayət etməyə çağırır.

Cəmiyyətin bütün üzvləri təhlükə ilə üz-üzədir. Ona görə də təkidlə vurğulayırıq ki, ciddi zərurət yaranmayanadək kimsə evdən çölə çıxmasın. Evlərin dezinfeksiya edilməsinə də xüsusi diqqət yetirilməlidir.”- deyə bəyanatın bir hissəsində qeyd olunub.



Qeyd edək ki, Güney Azərbaycanın digər şəhərlərində olduğu kimi, Ərdəbil şəhərində zəruri məhsulların satışı ilə məşğul olan mağazalar istisna olmaqla bütün ticarət mərkəzləri və mağazalar tətil vəziyyətindədir. Bu kimi tədbirlər koronavirus epidemiyasının qarşısını almaq məqsədi ilə həyata keçirilir.



Xatırladaq ki, son günlərdə Güney Azərbaycan əyalətlərində çox sayda insan koronavirus şübhəsi ilə xəstəxanalara müraciət edib. Artıq virusa yoluxduğu təsdiq edilən xəstələrin sayı yüzlərlədir. Əyalətlərdə koronavirusdan ölənlərin sayı da gün keçdikcə artır. Qeyri-rəsmi mənbələr Güney Azərbaycan əyalətlərində sözügedən virusa yoluxanların sayının rəsmi statistikadan qat-qat çox olduğunu bildirir.
Bu xəbər oxucular tərəfindən 28 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed