Şrift:
Qəbələnin Bum çayı üzərində yeni körpü inşa edilir
13.03.2020 [14:18] - Xəbərlər, İqtisadiyyat
Qəbələdə Bum-Tikanlı-Abrıx avtomobil yolunun 2-ci kilometrliyində Bum çayı üzərində yeni körpü tikilir. On iki aşırımlı körpünün uzunluğu 310 metr, eni isə 9 metr olacaq. Layihə çərçivəsində vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təşkili üçün körpü üzərində hər bir istiqamət üzrə piyada səkilərinin salınması da nəzərdə tutulur.

Hazırda körpünün 13 dayağından 10-da tikinti işləri aparılır. Sözügedən ərazidə körpünün olmaması vətəndaşların rahat gediş-gəlişinə maneə yaradırdı. Belə ki, 11 yaşayış məntəqəsinin əhalisi çayı keçməkdə çətinlik çəkir, rayon mərkəzinə və ətraf yaşayış məntəqələrinə getmək üçün təqribən 30 kilometr əlavə məsafə qət etməli olurlar. Yeni körpünün inşası, həmçinin Bum qəsəbəsindən körpüyə qədər olan yolun yenidən qurulması nəticəsində 20 min nəfər əhalinin əlavə yol qət etmədən birbaşa rayon mərkəzinə və qonşu kəndlərə rahat gediş-gəlişi təmin olunacaq, yetişdirdikləri kənd təsərrüfatı məhsullarının tez və xarab olmadan bazarlara daşınmasına imkan yaranacaq. Bu isə öz növbəsində sözügedən ərazidə kənd təsərrüfatının və turizmin inkişafına gətirib çıxaracaq, yeni turizm marşrutlarının yaranmasına zəmin yaratmaqla, əhalinin həyat şəraitinə müsbət təsir etmiş olacaq.

Qeyd edək ki, dövlət başçısının Sərəncamına əsasən, 2019-cu ildə Qəbələ rayonunun 11 min nəfər əhalinin yaşadığı və 8 yaşayış məntəqəsini birləşdirən və 18 kilometr uzunluğa malik Nic-Mıxlıqovaq-Yemişanlı-Uludaş-Tikanlı-Abrıx avtomobil yolu yenidən qurularaq istifadəyə verilib. Təxminən 30-35 kilometrlik məsafənin qısaldılması məqsədilə sözügedən yolun rayon mərkəzindən Bum qəsəbəsinə qədər gələn avtomobil yoluna birləşdirilməsinə zərurət yaranmışdı. Prezident İlham Əliyevin “Qəbələ rayonunun yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2020-ci il 7 fevral tarixli Sərəncamına uyğun olaraq, iyirmi min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini rayon mərkəzindən və digər yaşayış məntəqələrindən ayıran, Bum–Tikanlı–Abrıx avtomobil yolunun 2-ci kilometrliyində Bum çayı üzərində yeni körpünün tikintisi və Bum qəsəbəsinə gedən 2 kilometrlik avtomobil yolunun bərpasının başa çatdırılması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 8,9 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Bu xəbər oxucular tərəfindən 338 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed