Şrift:
Neft nəhəngləri bir həftədə 495 milyard dollar itirib
16.03.2020 [12:39] - Gündəm, İqtisadiyyat
Neftin qiymətindəki ucuzlaşma səbəbindən dünyanın 14 ən böyük neft şirkətinin bazar dəyəri ötən həftə 495 milyard dollar azalıb.

Dünyanın ən dəyərli şirkəti olan Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco”nun bazar dəyəri 230 milyard dollar azalıb. Rusiyanın neft şirkətlərinin səhmlərinin qiyməti 20 faizdən çox ucuzlaşıb, ABŞ-ın 6 ən böyük neft şirkətinin bazar dəyəri ümumilikdə 97 milyard dollar geriləyib.

Neft qiymətlərinin ötən bazar ertəsi təxminən 30 faiz azalaraq 31 dollara düşməsi və son 4 ilin ən aşağı səviyyəsinə enməsi dünyanın nəhəng neft istehsalçılarının səhmlərinin qiymətlərinə və bazar dəyərlərinə təsir göstərir.

On dörd nəhəng neft şirkətinin səhmləri və bazar dəyəri müqayisə edildikdə “Saudi Aramco” ən çox bazar dəyərini itirən şirkət olub. “Saudi Aramco”nın səhmlərinin dəyəri martın 8-12-də “Tadawul” birjasında 12,1 faiz düşüb, şirkətin bazar dəyəri isə 230 milyard dollar azalıb.
“Saudi Aramco”dan sonra bazar dəyərində ən çox itki olan neft şirkəti “Royal Dutch Shell” olub. Martın 9-13-də şirkətin bir səhminin dəyəri 30,8 faiz azalıb, bazar dəyəri 48,3 milyard dollar geriləyib.

Hesabat dövründə Fransanın “Total” neft-qaz şirkətinin bazar dəyəri 33,7 milyard dollar, səhmlərinin qiyməti isə 29,9 faiz azalıb. BP-nin səhmlərinin qiyməti 30,1 faiz, bazar dəyəri 29,5 milyard dollar geriləyib. İtaliyanın “Eni” şirkətinin səhmlərinin qiymətində 32,4 faiz və bazar dəyərində isə 13,5 milyard dollar azalma qeydə alınıb. Norveçin “Equinor” şirkətinin bazar dəyəri 12,7 milyard dollar azalıb, səhmlərinin qiyməti 27,2 faiz ucuzlaşıb.

Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələrin iclasında Səudiyyə Ərəbistanı ilə hasilatı azaltmaq barədə qərar qəbul edə bilməyən Rusiyanın neft şirkətlərindən “Rosneft” və “LUKoil” da səhmlərinin qiymətini və bazar dəyərlərini itirib. Moskva birjasında martın 10-13-də Rusiyanın ən böyük neft şirkəti olan “Rosneft”in səhmlərinin qiyməti 32,2 faiz ucuzlaşıb, bazar dəyəri isə 19 milyard dollar azalıb. “LUKoil” şirkətinin səhmlərinin qiymətində 21,1 faiz, bazar dəyərində 11 milyard dollar azalma qeydə alınıb.

Çində yaranan və dünyaya yayılan koronavirus səbəbindən Nyu-York birjası 2008-ci ildən bəri ən böyük həftəlik itkisini yaşayıb. Virusun neft tələbatını azaltması, eləcə də “OPEC+”un qərarı ilə əlaqədar bazarda yaranacaq tədürük bolluğuna dair gözləntilər fonunda ABŞ-ın neft şirkətlərinin də səhmlərinə zərbə dəyib. Belə ki, martın 9-13-da ABŞ-ın 6 ən böyük neft şirkətinin bazar dəyərində ümumilikdə 97 milyard dollar azalma olub. “ExxonMobil” şirkətinin səhmlərinin qiyməti 20,1 faiz, bazar dəyəri 40,5 milyard dollar azalıb. 22,4 milyard dollar itirən “Chevron”un səhmlərinin qiyməti 12,5 faiz ucuzlaşıb. “ConocoPhillips”in səhmlərinin qiymətində 30,8 faiz, bazar dəyərində isə 15,1 milyard dollar azalma olub.

Hesabt dövründə “Halliburton”un səhmlərinin qiyməti 45,3 faiz, bazar dəyəri 5,2 milyard dollar, “Schlumberger”in səhmlərinin qiyməti 32,2 faiz, bazar dəyəri 10,7 milyard dollar azalıb. “Baker Hughes” isə bazar dəyərini 3,4 milyard dollar itirib, şirkətin bir səhmminin qiyməti 20,8 faiz ucuzlaşıb.
Bu xəbər oxucular tərəfindən 40 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed