Şrift:
İran Xuzistan əyaləti və bir neçə şəhəri karantinə alıb
16.03.2020 [12:43] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın polis komandanı Hüseyn Əştəri şəhərlərin ölkə şəhərlərinin karantinə alınacağı ilə bağlı xəbərləri "düşmənin psixoloji müharibəsi" adlandırsa da, ötən gündən etibarən Xuzistan əyaləti, eləcə də bir neçə şəhər karantinə alınıb.



Yerli media orqanlarında yayılan xəbərlərə görə, martın 15-dən etibarən Kürdüstan əyalətinin Pavə və Cavanrud rayonları, habelə Uramanat bölgəsi karantinə alınıb. Həmin bölgələrə artıq giriş-çıxışlar da məhdudlaşdırılıb.



Bundan başqa, Xusiztan valisi Qulamrza Şəriəti də bildirib ki, əyalətə hər növ nəqliyyat vasitəsinin giriş-çıxışı qadağan edilib. O, həmçinin marketlər, apteklər (daruxanə-red.), çörək sexləri, qəssab dükanları və meyvə mağazalarından savayı, hipermarketlər, avtovağzallar və insanların sıx olduğu digər bu kimi bölgələr də daxil olmaqla, digər bütün obyektlərin bağlandığını bəyan edib.



İran mediasının vəziyyəti karantin adlandırmasına baxmayaraq, rəsmilər həmin termini dilə gətirməkdən çəkinirlər.



Dünən çıxış edən prizedent Həsən Ruhani bildirib ki, bu günlərdə, hətta Novruz bayramı tətilində ölkədə heç bir bölgə karantinə alınmayacaq və Koronavirusla Mübarizə üzrə Qərargahdan başqa, heç bir qurumun bu xüsusda qərar qəbul etmək səlahiyyəti yoxdur.


İranın polis komandanı Hüseyn Əştəri Koronavirusla Mübarizə üzrə Qərargahdan onlara hər hansısa bölgəni karantinə almaqla bağlı göstəriş gəlmədiyini və hazırda belə bir planlarının olmadığını deyib.


Xatırladaq ki, bir müddət öncə bəzi millət vəkilləri epidemiyanın daha da yayılmasının qarşısının alınması üçün dövləti Mazandaran və Gilan əyalətlərini karantinə almağa çağırmışdılar. Hazırda həmin bölgələrdə vəziyyətin çox ağır olduğunu bildirilir. Lakin yalnız Mazandaranın Neka rayonunda karantin sistemi tətbiq edilib. Rayonun bələdiyyə sədri Ədbülcavad Tövhidi Müqəddəm bu barədə bildirib ki, "sınaq formalı" karantinə alınan rayon ərazisində təcili hallar istisna olmaqla, bütün növ avtomobillərin hərəkəti qadağan olunub, eləcə də rayon bazarı bağlanıb.



Rəzəvi Xorasanının bir qrup mədəni və siyasi fəalları da bölgənin karantinə alınmasını tələb edirlər. Əyalət tam olaraq karantinə alınmasa da, bəzi bölgələrində gediş-gəliş məhdudiyyətləri qəbul edilib. Əyalətin Günabad şəhərinin icra hakimi Hamed Qurbaninin sözlərinə görə, şəhərin bütün giriş-çıxışlarında hərəkət məhdudlaşdırılıb.



Nişapurda isə turistik bölgələrə gedən yolların bağlanmasına rəğmən, şəhərin əsas giriş-çıxşlarında məhdudiyyətlərin tətbiq edilməsi ilə bağlı hələlik qərar qəbul edilməyib.



Məşhəd şəhərində isə gediş-gəlişə nisbi məhdudiyyətlər tətbiq edilib.



Xatırladaq ki, İranın yaydığı son rəsmi statistikaya əsasən, ölkədə koronavirusdan ölənlərin sayı 724, epidemiyaya yoluxanların sayı isə 13 min 938 nəfərə yüksəlib.
Bu xəbər oxucular tərəfindən 40 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed