Şrift:
Güney Azərbaycanda koronavirus qurbanlarının sayı 130 nəfər çatıb
16.03.2020 [14:15] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycan əyalətlərində koronavirusa yoluxanların, və bu infeksiya qurbanlarının sayında kəskin artım müşahidə olunur.



GünAZ TV İran rəsmilərinin açıqlamalarına əsasən xəbər verir ki, infeksiyadan ölənlərin sayı Güney Azərbaycanda artıq 130 nəfərə çatıb.



Qeyd edək ki, qeyri-rəsmi mənbələr İranda, o cümlədən Güney Azərbaycan əyalətlərində koronavirusa yoluxan və bu xəstəlikdən ölənlərin sayının rəsmi statistikadan qat-qat artıq olduğunu bildirir.



Təbriz Tibb Universitetinin rəisi Məhəmməd Hüseyn Somi Şərqi Azərbaycan əyalətində koronavirusa yoluxanların sayının 409 nəfərə çatdığını deyib.



Onun sözlərinə görə, Şərqi Azərbaycanda son 24 saat ərzində daha 35 nəfərdə koronavirus infeksiyası aşkarlanıb.



Somi “keçən gün daha dörd nəfər koronavirus infeksiyasından öldü və beləliklə əyalətdə qurbanların sayı 32 nəfərə çatdı” -deyə artırıb.



Tibb universitetinin rəisi həmçinin əlavə edib ki, xəstəliyin hazırkı yayılma sürəti ilə aprel ayının ilk günlərindən etibarən Şərqi Azərbaycan əhalisinin doqquz faizi (300,000 nəfər) koronavirusa yoluxmuş olacaq.



Rəsmi daha öncə, Şərqi Azərbaycan əyalətində koronavirusa yoluxanların 9 faizinin canını itirdiyini açıqlamışdı.



Somi, həmçinin koronavirus infeksiyasının geniş yayılmasına nəzarət etməyin mümkün olmayacağı, müraciət edənlərin sayının əyalətin səhiyyə sisteminin potensialından qat-qat artıq ola biləcəyi haqda ciddi xəbərdarlıq etmişdi.



Güney Azərbaycanın digər bölgələrində də koronavirusa yoluxma hallarının sürətlə artdığı müşahidə olunur.



Qərbi Azərbaycanın Tibb Universitetinin rəisi, Cavad Ağazadənin dediyinə əsasən əyalətdə 224 nəfərdə infeksiya aşkarlanıb, onlardan 12 nəfəri canını itirib.

Ağazadə keçən 24 saat ərzində 31 yeni yoluxma halı qeydə alındığını bildirib, həmin gün daha beş nəfərin öldüyünü açıqlayıb.



Ərdəbil səhiyyə rəsmilərinin dediyinə görə, hazırda bu əyalətdə xəstəlik əlamətləri daşıyan 292 nəfər xəstəxanalarda müalicə alır. Bunlardan 154 nəfərinin koronavirusa yoluxduğu təsdiqlənib. Əyalətdə xəstəlikdən ölənlərin sayı isə rəsmi məlumata görə 16 nəfərdir.



Zəncan Tibb Universitetinin rəis müavini Əlirza Şoğli, əyalətdə infeksiyaya tutulanların sayının artıq 201 nəfərə çatdığını bildirib. O, infeksiyadan ölənlərin sayının isə 13 nəfər olduğunu deyib.



Qəzvin əyalətində isə hələlik 407 nəfərin koronavirusa yoluxduğu, 49 nəfərin həyatını itirdiyi açıqlanıb.



Bu rəqəm Həmədanda 124 nəfərdir ki, onlardan səkkiz nəfərinin dünyasını dəyişdiyi təsdiqlənib.



İranda koronavirusa yoluxma faktı ilk dəfə Qum şəhərində qeydə alınıb. Rejim şəhəri karantinə almadığı üçün artıq virus təxminən bütün ölkəni, o cümlədən Güney Azərbaycan əyalətlərini bürüyüb.
Bu xəbər oxucular tərəfindən 41 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed