Şrift:
Ərdəbil Əyalətində spirtdən zəhərlənənlərin sayı 180-a, ölənlərin sayı isə 19-a çatıb
16.03.2020 [14:18] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Koronavirus epidemiyasının yayıldığı günlərdə Ərdəbil Əyalətində 180 nəfər spirtdən zəhərlənib, 19 nəfər isə həyatını itirib.



Bu barədə Ərdəbil Tibb Universitetinin yaydığı bəyanatda bildirilib.



“Son günlərdə 180 nəfər spirt içərək zəhərləndiyi üçün xəstəxanalara müraciət edib. Onlardan 19-u ölüb, 79-ü isə müalicə olunur. Zəhərlənənlərin bir neçəsi komadadır, bəziləri isə görmə qabliyətini itirib.”- deyə bəyanatın bir hissəsində qeyd olunub.



Məlumata görə, zəhərlənənlər koronavirusa yoluxmamaq məqsədi ilə spirt içib, halbuki, bu düzgün deyil.


Bu barədə yayılan məlumatda vurğulanıb ki, ötən günlərdə spirtin koronavirusun qarşısını alması ilə bağlı şayiələr yayılıb. Ona görə də belə hadisələr baş verir.



Bildirilir ki, fürsətçilər pul əldə etmək məqsədi ilə texniki spirtə müəyyən kimyəvi maddələr əlavə edərək onun rəngini dəyişib və tibbi spirt adına satıblar.



Bəyanatda həmçinin qeyd olunub ki, yayılan şayiədən istifadə edərək bəziləri də kustar üsulla hazırladıqları alkoqollu içkini gizli şəkildə satışa çıxarıb. Bu içkiləri içənlər də zəhərlənib, onlardan bir neçəsi həyatını itirib.



Ərdəbilin Tibb Universiteti bu barədə bəyanat yayaraq sözügedən şayiə ilə əlaqədar ciddi xəbərdarlıq edib. Bəyanatda vurğulanıb ki, tibbi və texniki spirtin koronavirusun qarşısını almaqda heç bir təsiri yoxdur, əksinə spirtdən bu şəkildə istifadə etmək insanların həyatı üçün olduqca təhlükəlidir.
Bu xəbər oxucular tərəfindən 260 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed