Şrift:
Güney Azərbaycanda koronavirusa yoluxanların sayı 1700 nəfəri keçib
17.03.2020 [14:36] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran rəsmilərinin açıqlamaları Güney Azərbaycan əyalətlərində koronavirusa yoluxanların sayının 1723 nəfərə çatdığını göstərir.



GünAZ TV İran rəsmilərinin açıqlamalarına əsasən xəbər verir ki, infeksiyadan ölənlərin sayında da kəskin artım müşahidə olunur. Bu rəqəm Güney Azərbaycanda artıq 144 nəfərə çatıb. Bu isə, son 24 saat ərzində Güney Azərbaycanın müxtəlif əyalətlərində daha 14 nəfərin koronavirus infeksiyasının qurbanı olduğunu göstərir.



Qeyd edək ki, qeyri-rəsmi mənbələr İranda, o cümlədən Güney Azərbaycan əyalətlərində koronavirusa yoluxan və bu xəstəlikdən ölənlərin sayının rəsmi statistikadan qat-qat artıq olduğunu bildirir.



Təbriz Tibb Universitetinin rəisi Məhəmməd Hüseyn Somi Şərqi Azərbaycan əyalətində koronavirusa yoluxanların sayının 487 nəfərə çatdığını deyib.



Onun sözlərinə görə, Şərqi Azərbaycanda son 24 saat ərzində daha 78 nəfərdə koronavirus infeksiyası aşkarlanıb.



Somi keçən gün daha yeddi nəfərin koronavirus infeksiyasından öldüyünü və beləliklə əyalətdə qurbanların sayının 39 nəfərə çatdığını bildirib.



Tibb universitetinin rəisi daha öncə bildirmişdi ki, xəstəliyin hazırkı yayılma sürəti ilə aprel ayının ilk günlərindən etibarən Şərqi Azərbaycan əhalisinin doqquz faizi (300,000 nəfər) koronavirusa yoluxmuş olacaq.



Somi, həmçinin koronavirus infeksiyasının geniş yayılmasına nəzarət etməyin mümkün olmayacağı, müraciət edənlərin sayının əyalətin səhiyyə sisteminin potensialından qat-qat artıq ola biləcəyi haqda ciddi xəbərdarlıq etmişdi.



Güney Azərbaycanın digər bölgələrində də koronavirusa yoluxma hallarının sürətlə artdığı müşahidə olunur.



Qərbi Azərbaycanın Tibb Universitetinin rəisi, Cavad Ağazadənin dediyinə əsasən əyalətdə 258 nəfərdə infeksiya aşkarlanıb, onlardan 14 nəfəri canını itirib.



Beləliklə Qərbi Azərbaycanda keçən 24 saat ərzində 34 yeni yoluxma halı qeydə alınıb, həmin gün daha iki nəfər infeksiyadan ölüb.



Ərdəbil səhiyyə rəsmilərinin dediyinə görə, hazırda bu əyalətdə xəstəlik əlamətləri daşıyan 300 nəfər xəstəxanalarda müalicə alır. Bunlardan 184 nəfərinin koronavirusa yoluxduğu təsdiqlənib. Əyalətdə xəstəlikdən ölənlərin sayı isə rəsmi məlumata görə 20 nəfərdir.



Zəncan Tibb Universitetinin rəis müavini Əlirza Şoğli, əyalətdə infeksiyaya tutulanların sayının artıq 216 nəfərə çatdığını bildirib. O, infeksiyadan ölənlərin sayının isə 13 nəfər olduğunu deyib.



Qəzvin əyalətində də hələlik 447 nəfərin koronavirusa yoluxduğu, 50 nəfərin həyatını itirdiyi açıqlanıb.



Bu rəqəm Həmədanda 131 nəfərdir ki, onlardan səkkiz nəfərinin dünyasını dəyişdiyi təsdiqlənib.



İranda koronavirusa yoluxma faktı ilk dəfə Qum şəhərində qeydə alınıb. Rejim şəhəri karantinə almadığı üçün artıq virus təxminən bütün ölkəni, o cümlədən Güney Azərbaycan əyalətlərini bürüyüb.
Bu xəbər oxucular tərəfindən 50 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed