Şrift:
"Xoca" filmi Cənubi Koreyada nümayiş olundu.
02.10.2012 [13:53] - Gündəm, Diaspor
Ermənilərin kəskin etirazlarına baxmayaraq, Azərbaycan barədə və işğal olunmuş bölgələrimiz haqda həqiqətləri Cənubi Koreyada təhsil alan müxtəlif millətlərin nümayəndələrinə çatdırmaq mümkün oldu

Sentyabr ayının 22-də Cənubi Koreyada təhsil alan azərbaycanlı tələbələr milli birliyi təcəssüm etdirmək, həm də ölkəmizi tanıtmaq məqsədilə bir yerə toplaşıb. Onlar Ramil Səfərovun azadlığa buraxılmasından stimul alaraq, sevgi və nifrət, qəhrəmanlıq və qorxaqlıq, eyni zamanda xocalıların ermənilərə qarşı mübarizəsindən danışan “Xoca” filmini Koreya ictimaiyyətinə təqdim ediblər. ANS telekanalının prezidenti Vahid Mustafayevin çəkdiyi “Xoca”nın nümayişi ilə bağlı təklifi isə “BUTA” tələbə təşkilatının nümayəndəsi Orxan Kərimzadə irəli sürüb.

Tədbirin təşkilindən bir gün öncə Kaist Beynəlxalq Tələbə Assosiasiyasının (KİSA) email ünvanına Artavazd Kirakosyan tərəfindən göndərilən etiraz məktubu filmin nümayişinə əngəl törədə bilməyib. Kirakosyan ermənilərin belə bir soyqırım törətdiyinin tamamilə uydurma olduğunu iddia edərək, bu cür filmin yalnız azərbaycanlıların ermənilərə qarşı nifrət və aqressiyasından irəli gəldiyini bildirib. Filmin nümayişinin bu təşkilat vasitəsilə reallaşmasına təşkilatçılıq edən KİSA üzvü Adikə Məmmədrəhimlidən hətta üzr məktubu yazmaq da tələb olunub. Lakin buna etiraz edən tələbə KİSA-dakı fəaliyyətinə son qoysa da, filmin nümayişini gerçəkləşdirə bilib. “Xoca” azərbaycanca səsləndirilib və ingiliscə subtitrlərlə təqdim olunub.

Tədbirə Koreyada, o cümlədən KAİST və Solbridge Universitetlərində təhsil alan və müxtəlif millətlərdən olan tələbələr qatılblar. Öncə Azərbaycan barədə və işğal olunmuş bölgələrimiz haqda Emin Ələsgərovun hazırladığı slaydı İlahə Əmiraslanova qonaqlara təqdim edib.

Sonda isə həm filmlə, həm də Azərbaycanla bağlı izləyicilərə “BUTA”nın sədri Rəşad Əliyev tərəfindən suallar ünvanlanıb. Doğru cavablandıran xarici tələbələrə Azərbaycanın Cənubi Koreyadakı Səfirliyi tərəfindən hazırlanan hədiyyələr təqdim olunub. Müzakirə bitəndən sonra təşkilatın büdcəsindən ayrılan maliyyə hesabına iştirakçılara paxlava və çay qonaqlığı verilib. Orxan Ləzimovun köməkliyi ilə təşkil olunan çay süfrəsi tələbələrin səmimi söhbəti və müzakirəsi ilə bitib.

Qeyd edək ki, “BUTA” tələbə təşkilatı 2009-cu ildən fəaliyyət göstərir, Azərbaycan diasporunun genişləndirilməsi, burada təhsil alan tələbələrin təşkilatlanması, həmrəyliyinin möhkəmləndirilməsi və tariximizin Koreya ictimaiyyətinə çatdırılması istiqamətində gərgin işlər aparır. Azərbaycanın Cənubi Koreyadakı Səfirliyi onun fəaliyyətinə yüksək qiymət verir, təşkilata maddi və mənəvi dəstək göstərir.

Aysel Nəbivi

“BUTA” Azərbaycan - Koreya təşkilatının media şöbəsinin üzvü
Bu xəbər oxucular tərəfindən 1288 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed