Şrift:
İran rəsmisi: “Fars əyalətində texniki spirtdən ölənlərin sayı koronavirusdan ölənlərin sayından 5 dəfə çoxdur”
18.03.2020 [14:22] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Fars əyalətinin Təcili Tibbi Yardım Mərkəzinin rəisi Məhəmməd Cavad Muradiyan martın 18-də jurnalistlərə açıqlamasında saxta spirtli içkilərdən ölənlərin sayının kəskin artmasından danışıb.



O deyib ki, son günlər saxta spirtli içkilərdən zəhərlənən daha 322 nəfər əyalətin tibb mərkəzlərinə müraciət edib: “Təəssüflər olsun ki, Fars əyalətində texniki spirtdən ölənlərin sayı koronavirusdan ölənlərin sayından 5 dəfə çoxdur. Bu gün sübh saat 7-yə qədər əyalətdə texniki spirtdən zəhərlənənlərin sayı 383 nəfərə, ölənlərin sayı isə 61 nəfərə çatıb. Saxta spirtdən zəhərlənənlərin yaş həddinə gəlincə, zəhərlənmə faktı ilə xəstəxanalara müraciət edənlərin əksəriyyəti 20-40 yaş arasındadır.



Bir daha bildiririk ki, koronavirus tənəffüs sistemi yolu ilə bədənə daxil olur və alkoqollu içkilər içməklə bu virusun qarşısını almaq mümkün deyil və bu barədə yayılan şayiələr əsassızdır.



Hesab edirik ki, koronavirusa yoluxmağın qarşısını almaq üçün ən yaxşı yolu, insanların evdə oturub özlərini karantinə alması və gigiyena qaydalarına tam riayət etməsidir” -deyə, Fars əyalətinin Təcili Tibbi Yardım Mərkəzinin rəisi Məhəmməd Cavad Muradiyan əlavə edib.



Xatırladaq ki, son günlər İranın Fars, Xuzistan, Tehran və digər əyalətlərində koronavirusdan qorunmaq üçün saxta alkoqollu içkilərdən ölənlərin sayı 100-ü aşıb.


Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur, martın 17-də mediaya açıqlamasında ölkədə koronavirus qurbanlarının sayı barədə yeni statiskanı açıqlayıb.



Ötən bir sutka ərzində ölkədə daha 135 nəfərin “Covid-19” virusundan öldüyünü bildirən Cahanpur deyib ki, İranda koronavirusdan ölənlərin sayı 988 nəfərə, yoluxanların sayı isə 16169 nəfərə yüksəlib
Bu xəbər oxucular tərəfindən 40 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed