Şrift:
Gəncə üsyanının 100 illiyi ilə bağlı yeni tədqiqat əsəri nəşrə hazırlanır
18.03.2020 [15:31] - Gündəm, Mədəniyyət
Gəncə şəhərində 1920-ci ildə kommunist özbaşınalığına qarşı baş vermiş üsyanın 100 ili tamam olur.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gəncə Bölməsindən bildirilib ki, Gəncə üsyanının tarixi köklərinin elmi əsaslarla araşdırılması, xalqımızın qəhrəmanlıq mübarizəsi tarixində onun yeri və rolunun hərtərəfli tədqiq edilərək yeni bir monoqrafiyanın çap olunması nəzərdə tutulur.

Kitabın müəllifi Gəncə Bölməsinin Diyarşünaslıq İnstitutunun şöbə müdiri, professor Həsənbala Sadıqov yeni nəşrin ərsəyə gətirilməsi məqsədilə geniş tədqiqat işləri aparıldığını, arxivlərdə işlədiyini, xeyli materiallar topladığını və bu tarixi üsyanla bağlı bir sıra elmi işçilərlə məsləhətləşmələr apardığını bildirib. Qeyd edib ki, Gəncə üsyanının 100 illiyi münasibətilə nəşrə hazırlanan bu kitab Azərbaycan Xalq Cümhuriyyəti dövründə xalqımızın qəhrəmanlıq mübarizəsi salnaməsinin daha bir səhifəsinə işıq salmaqla, tariximizin dərindən öyrənilməsinə və tədqiqinə sanballı töhfə olacaq.

Cümhuriyyətin Şərqdə yaratdığı ilk müstəqil və demokratik ölkəni süquta yetirmək məqsədilə mayın 25-dən 26-na keçən gecə başlanan üsyan zamanı az vaxt ərzində şəhərin mühüm məhəllələri Qırmızı ordu hissələri tərəfindən nəzarətə götürülüb. Buna baxmayaraq mayın 29-da bolşeviklərin şəhər əhalisi üzərinə hücumu uğursuzluqla başa çatıb, üsyançıların əks-hücumları bolşevikləri ağır vəziyyətə salıb və onlar böyük itki veriblər. Ağır məğlubiyyətdən sonra Qırmızı ordunun komandanlığı Gəncəyə xeyli əlavə qüvvə gətirib və yenidən hücum edib. Mayın 31-də gərgin və qeyri-bərabər döyüşdə Gəncə üsyanı yatırılıb, şəhəri tərk etmək imkanı olmayan üsyançılar və dinc əhali mühasirəyə alınaraq kütləvi şəkildə güllələnib. Gəncə üsyanın səbəbləri, tarixi əhəmiyyəti elmi cəhətdən araşdırılmayıb, ancaq bir necə məqalə və monoqrafiya şəklində çap olunub, mətbuatda informasiya xarakterli məlumatlar verilib. Bolşevik hakimiyyəti Azərbaycanda bərqərar olduqdan sonra bu tarixi faktlar bilərəkdən unudulub, onlar haqda deyilən və yazılan məlumatların sahibləri cəzalandırıldığı üçün tədqiq olunmayıb və həqiqi qiymətini almayıb.
Bu xəbər oxucular tərəfindən 44 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed