Şrift:
Evin zindanında saxlanılan güney azərbaycanlı fəalın məzuniyyətə buraxılması üçün onun koronavirusa yoluxması şərtdir – Hakim
19.03.2020 [10:31] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Tehranın Evin zindanında saxlanılan güney azərbaycanlı milli-mədəni fəal Tövhid Əmir Əmininin dosyesinə baxan hakim mülki vəsiqə qarşılığında onun azadlığa buraxılmasına mane olmaqla yanaşı fəalın məzuniyyətə buraxılması üçün onun koronavirusa yoluxmasının şərt olduğunu bildirib.



Tövhid Əmir Əmini 2019-cu il fevralın 20-də Tehranda Beynəlxalq Ana Dili Günü ilə bağlı təbrik traktları paylarkən azərbaycanlı fəal Kiyanuş Aslani ilə birlikdə saxlanmışdır.



Tövhid Əmir Əmini Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsi tərəfindən 7.5 il həbs cəzasına məhkum edilib.



O Evin zindanının 4-cu bölümündə saxlanılır. Həmin bölümdə koronavirusun yayıldığı ilə bağlı məlumat əldə edildikdən sonra fəalın barəsində nigaranlıqlar artıb.



Fəalın qardaşı Rza Əmir Əmini martın 15-də Evin zindanında yerləşən məhkəməyə müraciət edərək Tövhidi azad etdirməyə çalışıb. İlk 3 milyard 200 milyon tümən mülki vəsiqə qərarı ilə razılaşan hakim sonra fikrini dəyişib. O bildirib ki, Məhkəmə Sisteminin məhbusların məzuniyyəti ilə bağlı yeni qərarı 5 ildən çox həbs cəzası olan məhbuslara şamil olunmur. Onlar yalnız koronavirusa yoluxduqları halda məzuniyyətə buraxıla bilər.



Hakimin məsuliyyətsiz açıqlaması azərbaycanlı fəalın ailə üzvlərinin narahatlığına səbəb olub. Onlar həmçinin təhlükəsizlik qüvvələri tərəfindən məhkəmədən uzaqlaşdırıldıqlarına etiraz bildirirlər.
Bu xəbər oxucular tərəfindən 226 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed