Şrift:
Dağkəsəməndə Novruza hazırlıq işləri
19.03.2020 [11:44] - Xəbərlər, Sosial
Azərbaycanın milli-mənəvi mədəniyyətinin ən qədim və zəngin tarixə malik, eyni zamanda, ən aktual abidələrindən biri, bəlkə də, birincisi Novruz bayramıdır. Elimizdə-obamızda bahar bayramı öncəsi insanların xüsusi hazırlıqları hər il eyni dövrə təsadüf edir. Təsərrüfatda qızğın işlərə start verilir, evlərdə təmizlik aparılır, qabaqcadan bayram süfrəsinin hazırlanmasına başlanılır.

Novruzun gəlişinə xüsusilə kəndlərdə geniş hazırlıq işləri görülür. Belə ki, kənd həyatında insanlar həm evlərdə, həm də həyət-bacada bayram hazırlıqları ilə məşğul olurlar. Ağacların dibi bellənir, evlərdə isə şirniyyatlar bişirilir.

Ağstafa rayonunun Dağkəsəmən kənd sakini, 80-dən çox yaşı olan Hacı Nəbiyev ailəliklə, qohum-qonşu ilə birgə Novruza xüsusi hazırlaşır, təmizlik işləri görür. Fevral bitəndən bayram günlərinə qədər təsərrüfatda işlərin çox olduğunu deyən kənd sakini bu işləri görməkdən zövq aldığını bildirib: “Baharın gəlişi insanda hər bir işə həvəs, yaxşı əhval-ruhiyyə yaradır. Hər Novruz bayramı ərəfəsində bağda təmizlik işi aparırıq ki, ağac yaxşı bar versin. Hər şey qaydasında olmalıdır.”

Meyvə bağları vaxtında budanıb, ağac dibləri belləndikdə suvarıldıqda yayda yaxşı da məhsul olur. Elə hazırlıqların bayrama qədər başa çatdırılması da buna görə lazımdı. Ağacların çiçəkləməsi, quşların budaqlarda ötməsi, insana stimul verir, təmiz yaz havası kənd həyatında bir başqadır....

Qadınların üzərinə bayramda daha ağır yük düşür. Bu bayram günlərində hazırlıqlardan biri də süfrələrin, bayram nemətlərinin hazırlanmasıdır. Bayram süfrəsinin bəzəyi isə şirniyyatlarımızdır. Qadınlar şəkərbura, paxlava və digər şirniyyatlar hazırlayır, süfrəyə düzürlər. Belə xanımlardan biridə kənd sakini Flora Süleymanovadır. O, “Qatlama” şirniyyatının ustası kimi tanınır.

Kənd sakinləri bayram günlərində tonqal yandıracaq və Novruz sevincini yaxınları ilə bölüşəcəklər.
Bu xəbər oxucular tərəfindən 44 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed