Şrift:
Güney Azərbaycanda koronavirusa yoluxanların sayı 2000 nəfəri keçdi; rəsmilər günahı xalqda axtarır
19.03.2020 [14:48] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran rəsmilərinin açıqlamaları Güney Azərbaycan əyalətlərində koronavirusa yoluxanların sayının 2083 nəfərə çatdığını göstərir.



İranda koronavirusa yoluxma faktı ilk dəfə Qum şəhərində qeydə alındıqdan sonra hökumət şəhəri karantinə almağa qarşı çıxaraq virusun bütün ölkəyə, o cümlədən Güney Azərbaycana yayılmasına, yüzlərcə insanın qurban olmasına yol verdi. Buna baxmayaraq, İran rəsmiləri tədbirsizliklərini qəbul etməkdən boyun qaçıraraq faciədə xalqı günahlandırmağa çalışırlar.



İran Səhiyyə Nazirinin Müavini İrəc Hərirçi “Səhənd” telekanalına verdiyi müsahibədə azərbaycanlıların kifayət qədər ehtiyatlı olmamalarını iddia edərək “qaydaları riayət etməmələrini” Azərbaycanın müxtəlif şəhərlərində infeksiyanın geniş yayılmasının səbəbi kimi göstərdi.



Fevralın 24-də Qum şəhərinin karantinə alınmasına qarşı çıxaraq onun köhnə üsul olduğunu iddia edən Hərirçi Azərbaycanda “sürətlə yayılan” epidemiyanın qarşısını almaq üçün azərbaycanlıları evdə qalmağa, “ev karantini” şəraitini tətbiq etməyə çağırdı.



GünAZ TV İran rəsmilərinin açıqlamalarına əsasən xəbər verir ki, koronavirus infeksiyasından ölənlərin sayı Güney Azərbaycanda artıq 188 nəfərə çatıb. Bu isə, son 24 saat ərzində Güney Azərbaycanın müxtəlif əyalətlərində daha 18 nəfərin infeksiyasının qurbanı olduğunu göstərir.

Keçən gün ərzində Güney Azərbaycanda 153 yeni yoluxma halı qeydə alınıb.



Qeyd edək ki, qeyri-rəsmi mənbələr İranda, o cümlədən Güney Azərbaycan əyalətlərində koronavirusa yoluxan və bu xəstəlikdən ölənlərin sayının rəsmi statistikadan qat-qat artıq olduğunu bildirir.



Təbriz Tibb Universitetinin rəisi Məhəmməd Hüseyn Somi Şərqi Azərbaycan əyalətində koronavirusa yoluxanların sayının 629 nəfərə çatdığını deyib.



Onun sözlərinə görə, Şərqi Azərbaycanda son 24 saat ərzində daha 58 nəfərdə koronavirus infeksiyası aşkarlanıb.



Somi keçən gün daha 10 nəfərin koronavirus infeksiyasından öldüyünü və beləliklə əyalətdə qurbanların sayının 59 nəfərə çatdığını bildirib.





Tibb universitetinin rəisi daha öncə bildirmişdi ki, xəstəliyin hazırkı yayılma sürəti ilə aprel ayının ilk günlərindən etibarən Şərqi Azərbaycan əhalisinin doqquz faizi (300,000 nəfər) koronavirusa yoluxmuş olacaq.





Güney Azərbaycanın digər bölgələrində də yeni koronavirusa yoluxma halları qeydə alınıb.



Qərbi Azərbaycanın Tibb Universitetinin rəisi, Cavad Ağazadənin dediyinə əsasən əyalətdə 326 nəfərdə infeksiya aşkarlanıb, onlardan 19 nəfəri canını itirib.



Beləliklə Qərbi Azərbaycanda keçən 24 saat ərzində 26 yeni yoluxma halı qeydə alınıb, həmin gün daha iki nəfər infeksiyadan ölüb.



Ərdəbil əyalətində də hazırda 400 nəfər koronavirus şübhəsi ilə xəstəxanalarda müalicə alır. Ərdəbil Tibb Universitetinin müavini, Məhəmməd Rza Rizayinin dediyinə görə, bunlardan 215 nəfərinin koronavirusa yoluxduğu artıq təsdiqlənib. Əyalətdə xəstəlikdən ölənlərin sayı isə 27 nəfərə çatıb.



Rizayi Ərdəbil koronavirus epidemiyasının “böhran” həddinə çatdığını deyib, gələn günlərdə yeni yoluxmalar dalğasının baş verə biləcəyi haqqında xəbərdarlıq edib.



Zəncan Tibb Universitetinin rəisi Pərviz Qızılbaş əyalətdə infeksiyaya tutulanların sayının 261 nəfərə çatdığını bildirib. O, infeksiyadan ölənlərin sayının isə 16 nəfər olduğunu deyib.



Qəzvin əyalətində də hələlik 497 nəfərin koronavirusa yoluxduğu, 56 nəfərin həyatını itirdiyi açıqlanıb.



Bu rəqəm Həmədanda 155 nəfərdir ki, onlardan 11 nəfərinin dünyasını dəyişdiyi təsdiqlənib.
Bu xəbər oxucular tərəfindən 51 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed