Şrift:
Ağsaqqallar Şurasının sədri Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
20.03.2020 [10:18] - Gündəm, Siyasət
Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Bu barədə Azərbaycan Ağsaqqallar Şurasından məlumat verilib.

Təbrikdə qeyd olunur ki, elimizə-obamıza bahar gəlib. Torpaq oyanıb, tumurcuqlar açmağa başlayır. Adətlərimizin tacı, milli bayramımız olan Novruzu Azərbaycan xalqı həmişə təntənəli qeyd edib və ona bir ay əvvəldən hazırlaşıb.

Diqqətə çatdırılır ki, bu gün ölkəmiz bütün dünyanı cənginə alan koronavirusa qarşı mübarizə aparır. Koronavirus bütün bəşəriyyət üçün sınaq meydanı olmaqla yanaşı, həmçinin böyük təhlükə mənbəyidir. Bayram təxirə salınsa da, insanlarımız evlərində bayram ab-havasını saxlamağa çalışırlar.

Bir neçə ay əvvəl Çində başlayan epidemiyanın geniş miqyasda yayılacağı başqa dövlətlərdə yaşayan insanlar kimi bizim də xəyalımıza gəlmir, biz də təhlükənin sovuşacağını düşünürdük. Lakin mənzərə başqa cür oldu. Artıq dünyanın uzaq yerlərində də bu virusa yoluxanlar var.

“Azərbaycan Prezidenti ölkəmizi, vətəndaşlarımızı qorumaq üçün bütün imkanlardan istifadə edir. Biz ağsaqqalların borcu da dövlətimizin başçısına dəstək olaraq, cəmiyyət arasında maarifləndirmə işləri aparmaq, mətbuatda, saytlarda və sosial şəbəkələrdə, yaşadığımız ərazidə, qohum-tanışlar arasında virusdan qorunmağın yolları barədə tövsiyələr verməkdir. Koronavirusa qarşı mübarizədə hər kəs Operativ Qərargahın qoyduğu qaydalara əməl etməlidir. Bu qaydalara əməl etmək toplumu, bir nəsli təhlükədən qorumaq deməkdir!

Mənim əzizlərim!

Təmsil etdiyim Azərbaycan Ağsaqqallar Şurasının üzvləri adından sizin Novruz bayramınızı təbrik edir, elimizə firavanlıq, bərəkət, bol ruzi, ailələrə sağlamlıq, səadət və qələbə sevinci arzulayıram. Allah Azərbaycanımızı və millətimizi qorusun! Bayramınız mübarək!”, - deyə təbrikdə vurğulanır.
Bu xəbər oxucular tərəfindən 36 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed