Şrift:
Koronavirus infeksiyası ilə əlaqədar narahatlıq keçirənlərin həkim məsləhəti olmadan sakitləşdirici dərmanlardan istifadəsi yolverilməzdir
20.03.2020 [12:03] - Gündəm, Sağlıq
Hazırda dünyada tüğyan edən koronavirus infeksiyası böyük təşviş yaradıb. Bir yandan da qeyri-rəsmi məlumatlar, sosial şəbəkələrdə dolaşan informasiyalar narahatlığı daha da artırır. Həkimlər və tibb işçiləri, efirlərdə bu sahədə kifayət qədər maariflənmə işi aparılsa da, psixoloji gərginlik azalmaq bilmir.

Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasının professoru Zəfər Əliyev koronovirus infeksiyasının yaratdığı təşviş hissini təbii hal kimi qiymətləndirsə də, hər kəsi soyuqqanlı olmağa çağırıb: “Həqiqətən bəzi media saytlarında və sosial şəbəkələrdə heç bir tibbi mənbədə təsdiqlənməmiş və tamamilə yanlış xəbərlər yayılır. Hətta həmin məlumatların eləsi olur ki, çox vaxt vahimə və qorxu hissi yaradır. Bu elə bir həssas məsələdir ki, bu sahədə məsuliyyətsiz və həqiqətəuyğun olmayan qeyri-ciddi məlumatlar cəmiyyətdə, xüsusən gənc nəsil arasında çaşqınlıq yaradır. Belə informasiyaların təsiri nəticəsində psixi vəziyyət daha kritik duruma düşür. Ona görə də koronavirusla əlaqədar yalnız rəsmi dövlət orqanlarının yaydığı məlumatlara istinad etmək lazımdır”.
Professor deyib: “Adətən belə hadisələr baş verəndə psixi vəziyyəti həssas olan adamlarda depressiv, təşviş və ipoxondrik pozuntularının artması müşahidə olunur. İpoxondriya psixiatriyada öz sağlamlığı barədə əsassız olaraq narahatlıq yaşamaqdır. Həmin pozuntuya malik olanlar özlərinə təlqin edirlər ki, hansısa şəfasız və ağır xəstəliyə tutulublar. Bununla yanaşı, obsessiv-kompulsiv pozuntularının, ifrat dərəcədə təmizliyə can atanların sayı da artır.

Daxildəki qorxu hissini azaltmaq üçün məşğuliyyət olmalıdır. Evdə pandemiyalara, xəstəliklərə və təbii fəlakətlərə aid olmayan kitabları oxumaq və filmlərə baxmaq, hobbilərə vaxt ayırmaq, təxirə salınan işləri görmək, idmanla məşğul olmaq xəstəlik haqqında düşünmək və narahatlıq keçirməkdən xilas edə bilər. Ümumiyyətlə, hər hansı metod kömək etməsə, nevropatoloqa müraciət etməyin, çünki bu hallar sırf psixiatriyaya aiddir. Buna görə psixiatra müraciət etmək məsləhətdir”.

İnfeksiya ilə əlaqədar narahatlıq keçirənlərin həkim məsləhəti olmadan sakitləşdirici dərmanlardan istifadə etməsinə münasibət bildirən professor onu da qeyd edib ki, həkim məsləhəti olmadan hər hansı dərmanın qəbulu yolverilməzdir: “Yaranmış vəziyyətdən istifadə etməyə çalışan bəzi işbazlar “möcüzəli”, “təbii tərkibli” və “daxili orqanlara heç bir mənfi təsir göstərməyən” həblər, mayelər, yaxud bioloji əlavələr təklif edə bilərlər. Məsələ burasındadır ki, nəticədə psixi vəziyyəti yaxşılaşdırmaq şansı azalar, proses xroniki və daha ağır formaya keçə bilər. Psixiatriyada kifayət qədər səmərəli və təhlükəsiz dərman vasitələri var. Zərurət yarandıqda həmin işbazların təklif etdiyi yox, mütəxəssislərin məsləhət bildiyi həmin vasitələrdən istifadə etmək daha düzgündür”.
Bu xəbər oxucular tərəfindən 55 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed