Şrift:
Antiazərbaycançılıq İranın düşünülmüş siyasətidir
03.10.2012 [12:03] - Siyasət
Mübariz Əhmədoğlu: «»Hizbullah» faktoruna görə İranın Azərbaycanla münasibətləri normallaşdırmağa arzusu, imkanı yoxdur və buna hazırlaşmır»

«İranın Azərbaycan Respublikası ilə düşmənçilik siyasətinin indiki vəziyyətinin səbəbkarı yalnız İrandır. Antiazərbaycançılıq İranın düşünülmüş siyasətidir, lakin bu siyasətdə ümumi aspektlərlə yanaşı hər dövrün özünə aid aktual məsələləri olur». Bu fikirlər politoloq Mübariz Əhmədoğluna məxsusdur. Politoloq Bolqarıstanda İsrail vətəndaşlarına qarşı terror hadisəsi törədildiyini xatırladıb: «Az keçməmiş terror hadisəsinin törədiciləri sırasında İranın adı ilə yanaşı Livanda yerləşən, iranpərəst təşkilat hesab edilən «Hizbullah»ın da adı hallandırıldı. Bu vaxta kimi İran-İsrail məsələlərində, xüsusən İsrail tərəfindən «Hizbullah»ın adı çəkilmirdi. İndi İran-İsrail qarşıdurmasının «Hizbullah»-a fokuslandığı bir dövrdə İranın Azərbaycanla münasibətlərini normallaşdırması İranın siyasi məntiqinə və davranışına ziddir. İranın xarici işlər naziri müavini Əraqçının Azərbaycana səfərini təxirə salınmasının da səbəbi bununla bağlı ola bilər:
- əvvəla, Əraqçı və ya onun tutduğu post, hətta onun nazirliyi İran-Azərbaycan münasibətlərinin gərginləşməsində iştirak etməyib, heç indi də əsas rola malik deyildir. İran-Azərbaycan münasibətlərinin mövcud duruma çatmasında əsas rol İranın ali dini liderinin aparatına mənsubdur. Oradan gələn göstərişlərin mətbuata installiasiyası isə İran prezidentinin aparatı tərəfindən yerinə yetirilir. Ola bilər ki, işin cüzi bir qismi İranın Xarici İşlər Nazirliyinə tapşırılsın;
İranda dindarlarla dünyəvilərin fərqli baxışlara malik olduğu mövzular var və bunlar sayca az deyil. Misal üçün, İran XİN mətbuat xidmətini rəhbəri Ramin Mehmanpərəstin Təbrizə gedərək imamcümə ilə görüşməsi barədə İran XİN-inin hansı məzmunda məlumat yaymasından asılı olmayaraq o səfər bizə fərqli görünür. Ramin Mehmanpərəst Təbrizdə həbs olunan azərbaycanlı şairlərlə bağlı Təbriz strukturlarının mövqeyini səhv hesab etdiyi üçün həmin şairləri həbsdən azad etməyə cəhd etdi. Təbrizin imamcüməsi İran XİN-ini rədd etdi.
- ikincisi, Əraqçı o məsələ ilə bağlı söz daşımaq səlahiyyətində deyil. İranın Xarici İşlər Nazirliyində elə rəsmi var ki, o həm prezidentin, həm də dini liderin səlahiyyətli nümayəndəsidir.
İranın Azərbaycana qarşı düşmənçilik siyasəti və «Hizbullah» məsələsi bir-birilə 100% bağlı məsələlərdir. «Xain qəlbi xoflu olar» deyiblər. İran «Hizbullah»ı İsrailin qonşluğunda yerləşdirib və ara-sıra ona antiisrail aksiyalar reallaşdırmağı tapşırır. Belə İran İsrailin də İranın qonşuluğunda hansısa bir dövləti ələ alıb ona qarşı düşmənçilik etməklə məşğul olduğunu düşünür. İranın qonşuluğunda olan ərəb dövlətlərinin hamısı İsraillə qan düşmənidir. Bunu kim də bilməsə, 1967-ci il ərəb torpaqlarının işğalına kömək etmiş iranlılar çox gözəl bilirlər.
İran bu sıradan yeganə mümkün variant Azərbaycanı hesab edir. Ona görə də «Hizbullah» İranın sifarişi ilə İsrailə qarşı hər hansı kiçik aksiya zamanı rəsmilər Tehranda yeraltı bunkerə girirlər ki, İsrail Azərbaycandan «Harpun» (Harpoon) raketləri atacaqdır. Eləcə də İran İsrailə uzun müddət nökərçilik etdiyi üçün psixoloji baxımdan İsraili zəif təsəvvür etməyə hazır deyildir. Həm də İranın indiki siyasətçilərinin əksəriyyəti müstəqil dövlətdə yaşamadıqları üçün müstəqil siyasətin dadını bilmirlər və beləliklə Azərbaycan kimi dövlətin müstəqil siyasət aparmasına da inanmırlar.
Hadisələrin belə məqamında, yəni Bolqarıstandakı terror hadisələrində «Hizbullah»ın adının hallanması Azərbaycanla münasibətləri normallaşdırmağa İrana imkan verməyəcəkdir.
Yeri gəlmişkən, İran və İsrailin terror hadisəsi ilə bağlı ritorikalarında çox diqqətçəkən məqamlar da var- İran yəhudilərə qarşı son vaxtlar törədilən bütün terror hadisələrini İsrailin öz əməli hesab edir. Guya İsrail İranı şərləməkdən ötrü öz vətəndaşlarını öldürür. İranın bu məntiqi ilə İranın nüvə alimlərini iranlılar özləri öldürmüşlər. Məqsəd İsraili və ABŞ-ı şərləməkdir.
İranda effektiv səfərlərin kombinasiyası və ya tandemi mövcuddur. Bunu İranda da, bizdə də bilirlər. Eləcə də İranın Azərbaycana qarşı münasibətinin real dostluğa çevrilməsinin əlamətlərini İranda da, bizdə də bilirlər. Əgər bu addım atılmırsa və ya həmin tandemin gəlməsi barədə söhbətlər getmirsə, deməli, İrana İran-Azərbaycan münasibətlərinin normallaşması yox,bu barədə ritorika lazımdır.
Azərbaycanla münasibətlərini normallaşdırmağa hazırlaşan İranın Dağlıq Qarabağda keçirilən «prezident seçkilərinə» münasibəti yalnız iranlıların özünə bəllidir. Rusiya, Fransa, ABŞ və bir xeyli Avropa dövlətlərinin verdikləri bəyanatlarda Dağlıq Qarabağın Azərbaycana bağlılığı az və ya çox dərəcədə hiss olunsa da, İranda Dağlıq Qarabağa hansısa bir prosesə ümid yeri kimi baxırlar. İranın ali dini rəhbərinə Dağlıq Qarabağ mövzusunda Azərbaycan cəmiyyəti adından edilən müraciətlərin hər hansısa birinə onun adından dərhal cavab verilə bilərdi.
Yəhudilərin Ermənistana və Dağlıq Qarabağa marağı indi deyil. Yəhudilərin İrandakı muzdlu agentləri imkan verməyiblər ki, yəhudilərin Dağlıq Qarabağdakı əməlləri İranda bəllənsin. Çünki məsələni Azərbaycanın üzərində kökləməklə yəhudilərin Ermənistan üzərindən İrana qarşı gördüyü iş kölgədə qalır.
Qarabağ məsələsində bizə olan olub. İndi nə olacaqsa İrana olacaq. İranın təhsil naziri Azərbaycana barış missiyası ilə gəldi. Bu, çox əla bir şeydir. Dinimizin mahiyyəti barış, sülh, səlamətlik, rifah deməkdir. İş burasındadır ki, İran son vaxtlar təşəbbüsündən imtina edir. Guya İran Azərbaycanla yox, Azərbaycan İranla barışmaq istəyir. İranın nöqteyi nəzərincə Azərbaycan rəhbərliyi İranın təhsil nazirini Bakıya gətirdib və ona deyib ki, gəl barışaq. İranın öz irəli sürdüyü barış təşəbbüsünə münasibəti İslam normalarına o qədər də uyğun gəlmir.
Azərbaycanla problemlərini həll etməyə hazırlaşan İran ən azı səfirini cəmi bir neçə günlüyə Bakıda yubadardı. Yoxsa, göstəriş verib, onu tələm-tələsik geri çağırmazdı. Əraqçının səfərinin təxirə salınmasına bir şey yaxşıdır ki, İran özü səfərin təxirə salınmasının günahını öz boynuna götürdü. Əks təqdirdə, deyə bilərdi ki, Azərbaycan Əraqçını gətirən təyyarəni trapdan 15 sm kənarda saxlayacağına görə Əraqçı gələ bilmədi. Ən azı, Azərbaycan şərləmək üçün çox şey tapa bilərdilər. Bu işi əla bacarırlar. Bizim ölkədə dindarlarımızın elmə, ağıla reaksiya verməsi məqsədəuyğundur. Zombiləşmədən uzaqlaşmaları faydalıdır. Hər dəfə İran Livanda İsrailə qarşı bir iş görən kimi Azərbaycanda bir dəstə adamı Azərbaycan hökumətinin üstünə qaldırır. Dövlətin əleyhinə çıxan adamların nə vaxtsa cəzalanması qanunidir».
Bu xəbər oxucular tərəfindən 1352 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed