Şrift:
İranın koronavirusun yayıldığı 13 əyalətindən 3 milyon insan Novruz tətili üçün digər bölgələrə səfər edib
21.03.2020 [10:41] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Qızıl Aypara Cəmiyyətinin sədr əvəzedicisi Kərim Himməti koronavirusun yayıldığı 13 əyalətdən 97 minə yaxın maşınla 3 milyon insanın Novruz tətili ilə bağlı digər bölgələrə səfər etdiyi barədə məlumat yayıb.



O bildirib ki, həmin insanlar arasında 2400 nəfərində koronavirus əlamətləri mövcud olub.



"Şəhərlərdən kənarda virusla bağlı yoxlamaların aparılması işi Koronavirusla Mübarizə üzrə Qərargah tərəfindən bizə tapşırılıb. Biz bu istiqamətdə əyalət çıxışlarında 400-ə qədər baza qurmuşuq", - deyə Kərim Himməti əlavə edib.



Qeyd etmək lazımdır ki, İran hökuməti və Ümumdünya Səhiyyə Təşkilatı insanlara koronavirusun daha da kəskin yayılmasının qarşısını almaq üçün evlərində qalmağı tövsiyə edirlər. Bununla belə, İranın virusun cənginə aldığı əyalətlərindən 3 milyon insanın Novruz bayramında bütün tövsiyə və çağırışlara məhəl qoymaması digər əyalətlərdə də virusun kəskin şəkildə yayılmasına zəmin yaradır.



Ötən günə qədər olan rəsmi statistikaya əsasən, İranda koronavirus qurbanlarının sayı 1433 nəfərdir. Lakin qeyri-rəsmi statistikalarda rəqəmlərin dəfələrlə yüksək olduğu deyilir.
Bu xəbər oxucular tərəfindən 26 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed