Şrift:
Güney Azərbaycanın Ərdəbil əyalətində koronavirus epidemiyasına görə idarələr aprel 2-dək tətil edildi
23.03.2020 [09:23] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Koronavirus infeksiyasının geniş yayılması və vəziyyətin “böhran” dərəcəsinə çatdığına görə Güney Azərbaycanın Ərdəbil əyalətində dövlət müəssisələri aprel ayının 2-dək tətil edildi.



Bu sözləri Ərdəbil əyalətinin valisi Əkbər Behnamcu deyib. O, əlavə edib ki, dövlət işçilərinin yalnız 10 faizi zəruri işləri həll etmək məqsədilə növbə sistemi əsasında iş yerlərində hazır olacaqlar.



Ərdəbil Tibb Universitetinin rəis müavini Əfşin Fəthi də əyalətdə koronavirusa yoluxanların sayının 270 nəfərə çatdığını bildirib.



O, əyalətdə infeksiyaya yoluxma şübhəsi ilə xəstəxanalarda müalicə alanların sayının 329 nəfər olduğunu deyib. Onlardan 233 nəfər Ərdəbil şəhərində, 48 nəfər Xiyavda, 24 nəfər Parsabadda, 18 nəfər Germidə, 6 nəfər isə Xalxalda xəstəxanalara yerləşdirilib.



Fəthi keçən gün daha dörd nəfərin koronavirus infeksiyasından öldüyünü və beləliklə əyalətdə qurbanların sayının 34 nəfərə çatdığını bildirib.





Qeyd edək ki, qeyri-rəsmi mənbələr İranda, o cümlədən Güney Azərbaycan əyalətlərində koronavirusa yoluxan və bu xəstəlikdən ölənlərin sayının rəsmi statistikadan qat-qat artıq olduğunu bildirir.
Bu xəbər oxucular tərəfindən 266 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed