Şrift:
İranda koronavirusa yoluxanları "islami tibb"lə sağaldacağını deyən molla barəsində həbs qərarı çıxarılıb- Bir xəstənin ölməsinə görə
24.03.2020 [09:54] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda koronavirusa yoluxan insanları "islami tibb" əsasında sağaldacağını iddia edən molla barəsində həbs qərarı çıxarılıb.



Bir neçə gün əvvəl sosial şəbəkələrdə Ənzəlidə koronavirus xəstələrinin yatdığı xəstəxanaya daxil olan mollanın videosu yayılmışdı. O, xəstələrin yanına gedərək, onların ağır və burunlarına naməlum məhlulu sürtürdu. Məhlulun "peyğəmbərin ətri" olduğunu deyən molla onun xəstələri asqırmağa vadar edəcəyini və bununla da hamısının sağalacağını iddia edirdi.



Martın 23-də onun naməlum məhlulu sürtdüyü xəstələrdən birinin isə dünyasını dəyişdiyi ilə bağlı xəbərlər yayılıb.



Bundan sonra Ənzəlinin prokuroru Rəhman Seyidzadə Ruhanilərin Prokurorluğu ilə koordinasiya nəticəsində həmin mollanın barəsində həbs hökmü çıxarıldığını bildirib. O, mollanın xəstəxana gözətçilərinin səhlənkarlığı nəticəsində içəri daxil ola bildiyini iddia edib.



Rəhman Seyidzadə mollanın adını açıqlamasa da, bəzi yerli media qurumları onun Ənzəli sakini Murtuza Kohənsal olduğu barədə xəbərlər yayıblar.



İranın Səhiyyə Sistemi də hadisə ilə bağlı yaydığı bəyanatda bu addımı kəskin tənqid edərək, hazırda virus daşıyıcısı olan həmin mollanın cəmiyyət içərisində olduğuna görə, onlarla insanı yoluxdurma ehtimalının mövcud olduğunu bildirib.



Qeyd etmək lazımdır ki, koronavirusun İranda yayılmasından sonra bir çox axundlar pandemiyanı "islami tibb" əsasında sağalda biləcəklərini iddia etməyə başlayıblar. Onlardan bəziləri bu istiqamətdə insanlara bənövşə yağı və "imam Kazım dərmanı" adlanan vasitələrdən istifadə etməyi tövsiyə edirlər. Lakin ölkənin səhiyyə rəsmiləri bütün bu iddiaları rədd edirlər.



Digər tərəfdən, insanlara koronavirusla bağlı bənövşə yağını anus dəliyinə yerləşdirməyi məsləhət görən axund Abbas Təbriziyan bundan bir müddət öncə modern tibbin etibarlı mənbələrindən hesab edilən Harrisonun Daxili Xəstəliklərin Prinsipləri kitabını yandırmaqla gündəmə düşmüşdü. Onun bu addımı ölkənin tibb camiəsi tərəfindən kəskin tənqid edilmişdi. Abbas Təbriziyan fevralın 10-da yaydığı məlumatda onu bu addımına görə "təhqir edən" 3 həkimdən məhkəməyə şikayət etdiyini və onları hər birinin 60 şallaq zərbəsinə məhkum edildiyini bəyan etmişdi.



Eləcə də, İranın Məhkəmə Sistemi koronavirusun müalicəsi üçün insanlara bal və qara çörəkotu məsləhət görən, özünü "islami tibb mütəxəssisi" adlandıran Hüseyn Rəvazadə kimi bir çox axundlar barəsində nəinki hüquqi tədbir görmür, onları xüsusi olaraq qoruyur.
Bu xəbər oxucular tərəfindən 35 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed