Şrift:
Koronavirusun yayılmasının qarşısının alınması məqsədilə Xəzər rayonunda da təxirəsalınmaz tədbirlər görülür
24.03.2020 [11:47] - Xəbərlər, Sosial
Ümumdünya Səhiyyə Təşkilatı Tərəfindən qlobal pandemiya hesab olunan koronavirus (COVİD-19) infeksiyasının rayon ərazisində yayılmasının qarşısının alınması məqsədilə Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilir.

İcra hakimiyyətindən bildiriblər ki, bu məqsədlə Xəzər Rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamına əsasən RİH-də yaradılan xüsusi qərargah öz işini Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın qərar və təlimatlarına uyğun olaraq qurub.

Görülən tədbirlər çərçivəsində, RİH-də fəaliyyət göstərən qərərgahda əhalidən daxil olan məlumatların operativ qəbul edilməsi üçün (012) 454 24 77 nömrəli “Qaynar xətt” yaradılıb, “Qaynar xətt” in nömrəsi RİH-nin rəsmi saytında və “facebook” səhifəsində yerləşdirilib.

Xəzər rayonunda kütləvi dezinfeksiya işləri ilə bağlı təxirəsalınmaz tədbirlər də davam etdirilir.

Belə ki, rayon ərazisində yerləşən idarə, müəssisə, təşkilat və təhsil müəssisələrində, uşaq bağçalarında, idman və mədəniyyət obyektlərində, marşrut avtobuslarında və dayanacaqlarda, rayon ərazisindəki istirahət parklarında, məhəllələrdə, orada quraşdırılan uşaq-əyləncə və idman qurğularında, yaşayış binalarında, binalardakı liftlərdə və ümumi istifadə yerlərində, zirzəmilərdə, məişət tullantılarının atıldığı konteyner meydançalarında, dayanacaqlarda, ümumiyyətlə, insanların sıx olduğu yerlərdə dezinfeksiya işləri aparılıb və bu proses gündəlik davam etdirilir.

Həmçinin Bakı Şəhər İcra Hakimiyyəti və Xəzər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonun küçə və prospektlərində xüsusi maşınlarla yuyulma və dərmanlanma işləri aparılır.

Paralel olaraq, görülən tədbirlər çərçivəsində, rayon ərazisində xəstəliyə yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması məqsədilə əhali arasında təbliğat və maarifləndirmə işləri də mütəmadi olaraq aparılır, Nazirlər Kabineti yanındakı operativ qərargah tərəfindən verilən tövsiyələr barədə vətəndaşlar məlumatlandırılır və müvafiq izahatlar verilir.

Belə ki, Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə və digər iaşə müəssələrinə baxışlar keçirilərək, orada təşkil olunmuş təhlükəsizlik tədbirləri ilə maraqlanılır və həmin obyektlərə koronavirus (COVİD-19) infeksiyasından qorunmağın qaydaları barədə hazırlanmış çap materialları paylanılır. Bundan əlavə, digər maarifləndirici materiallar hazırlanaraq, rayon ərazisində olan çoxmənzilli yaşayış binalarının bloklarının giriş hissələrinə, avtobus dayanacaqlarına və istirahət parklarına vurulur.
Bu xəbər oxucular tərəfindən 48 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed