Şrift:
İran insanların bir şəhərdən digərinə gedişini qadağan edir
25.03.2020 [14:36] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda insanların səfərə getmələri, eləcə də yaşadıqları şəhərlərdən kənara çıxmaları qadağan edilib.



Bu barədə məlumat yayan İran dövlətinin sözçüsü Əli Rəbii qərarın prezident Həsən Ruhaninin göstərişi ilə qəbul edildiyini deyib.



O bildirib ki, şəhərlərdən çıxışla bağlı qaydalar tezliklə qəbul edilərək xalqa bəyan ediləcək. Karantik qaydalarını pozanlar isə cəzalandırılacaqlar.



Rəbii həmçinin bildirib ki, hazırda Tehran istiqamətində geri qayıdanlar birbaşa olaraq hərəkətlərinə davam etməlidirlər, onların yollarının üzərində yerləşən bölgələrdə dayanmasına icazə verilməyəcək.



"Şəhərlərin çıxışında insanlar koronavirusla bağlı yoxlamadan keçirilirlər. Səhiyyə Nazirliyi və Qızıl Aypara Cəmiyyətinin əməkdaşlığı ilə, yoxlamadan keçən insanlara sağlamlıq kağızı veriləcək və onlar öz yaşadıqları şəhərlərə qayıda biləcəklər. Digər təqdirdə, bu, mümkün olmayacaq", - deyə sözçü əlavə edib.



Əli Rəbii sonda bildirib ki, bütün dövlət idarələrində tətil elan edə bilməsələr də, koronavirusun yayılmasının qarşısını almaq üçün ən azı həmin qurumlarda növbəli iş qrafikinə keçidi təmin ediblər.



Bu gün Hökumət Kabinetinin iclasında çıxış edən Daxili İşlər naziri Əbdürrza Rəhmani Fəzli isə parklar, bağlar və böyük ticarət mərkəzləri kimi insanların kütləvi toplaşdığı məkanların bağlanacağını deyib.



O, həmçinin qeyd edib ki, şəhərlərdən çıxışa tətbiq ediləcək qadağaya ciddi şəkildə nəzarət edəcəklər.



Qeyd etmək lazımdır ki, bu gün İranda keçirilən Hökumət Kabinetinin iclasında prezident Həsən Ruhani və bir neçə nazir koronavirusla mübarizə istiqamətində daha sərt qaydaların qəbul ediləcəyini elan ediblər.



Ruhani Səhiyyə Nazirliyinin tövsiyələri əsasında hazırda bəzi tədbirlər üzərində müzakirələr getdiyini deyib. O, bu tövsiyələrin detalların açıqlamasa da, sadəcə olaraq bildirib ki, bütün parkların bağlanması, habelə "sizdəh bedər"in əvvəlki illər kimi keçirilməməsi mümkündür.



Qeyd etmək lazımdır ki, koronavirusun ölkəni cənginə alması və məsulların tövsiyələrinə rəğmən, Novruz bayramı zamanı İranın təkcə 13 əyalətindən 3 milyondan çox insan digər bölgələrə səyahətə getmişdi. Bundan sonra səhiyyə rəsmiləri dövləti səfərlərin qadağan edilməsi üçün təcili qərarlar almağa çağırmışdılar.
Bu xəbər oxucular tərəfindən 291 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed