Şrift:
Sərhədsiz Həkimlər Təşkilatı: "İrandan qrupumuzun çıxarılmasından heyrətə gəlmişik"
26.03.2020 [09:52] - Güney Azərbaycan xəbərləri
Sərhədsiz Həkimlər Təşkilatı İrana göndərdiyi 9 nəfərlik dəstək briqadasının bu ölkədən çıxarılmasına reaksiya verib.



Təşkilat yaydığı bəyanatda bu hadisədən heyrətə gəldiyini bildirib. Bəyanatda qeyd edilir ki, İran hökuməti ilə razılaşma əsasında bu ölkəyə göndərilmiş həmin mütəxəssislər qrupu koronavirusa yoluxmuş insanları sağaltmaq üçün 50 nəfərlik tibbi mərkəz yaratmağa hazırlaşırdılar.



Qeyri-hökumət təşkilatı olan Sərhədsiz Həkimlər Təşkilatı bir çox böhranlar və fəlakətlər zamanı dünyanın müxtəlif ölkələrində tibbi xidmət göstərib. Təşkilat İrana da müxtəlif dövrlərdə yardım edib. Bunlardan biri kimi Bəmdə baş vermiş zəlzələdən sonra göndərilmiş xilasetmə qrupunu misal göstərmək olar.



Bu gün məsələ ilə əlaqəli İsfahan əyalətinin valisi bildirib ki, sözügedən Təşkilatın mütəxəssislər qrupunun İranda fəaliyyəti Səhiyyə naziri Səid Nəməkinin göstərişi ilə dayandırılıb.



Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur qrupun ölkədən çıxarılmasını "hələlik onların köməyinə ehtiyac olmaması, daxili potensialın koronavirusla mübarizə istiqamətində yetərli olması" ilə əlaqələndirib. O, Sərhədsiz Həkimlər Təşkilatı tərəfindən İsfahanda qurulması planlaşdırılan 50 nəfərlik tibbi mərkəzə də hələ ki, ehtiyac duyulmadığını iddia edib.



Cahanpurun iddialarının əksinə olaraq, Təşkilatın İsfahanda qeyd edilən mərkəzi qurması İran hökumətinin müraciəti əsasında baş tutub. Bu barədə ötən günlər ərzində İranın Fransadakı səfiri Bəhram Qasımi və İsfahan Tibb Elmləri İnstitutunun sözçüsü də ayrı-ayrı məlumatlar yaymışdılar.



Sözügedən mütəxəssislər qrupu "Sepah" terror təşkilatı, eləcə də "dini lider"in "Keyhan" qəzetindəki nümayəndəsi Hüseyn Şəriətmədari kimi mühafizəkar siyasətçilərin məsələyə etirazından sonra İrandan çıxarılıb. Şəriətmədari Təşkilatın İrana köməyinin "alturizm adı altında qeyri-humanitar məqsədlər daşıdığını" iddia etmişdi.



Xatırladaq ki, Sərhədsiz Həkimlər Təşkilatının koronavirusla mübarizə üçün İrana gələn qrupunun ölkədən çıxarılması ilə bağlı ötən gün məlumat yayılmışdı. Bu hadisə İran daxilində bəzi siyasətçilərin də tənqidinə tuş gəlib. İran Parlamentinin deputatı Əli Mütəhhəri qrupun ölkədən çıxarılmasını tənqid edərək, Səhiyyə nazirindən məsələ ilə bağlı açıqlama verməyi tələb edib.
Bu xəbər oxucular tərəfindən 217 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed