Şrift:
Güney Azərbaycanda meşə ağacları kəsilməkdə davam edir
26.03.2020 [16:23] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın müxtəlif bölgələrində meşə ağaclarının vaxtaşırı dövlətin icazəsi ilə və ya qeyri-qanuni şəkildə kəsilməsi ətraf mühit tərəfdarlarının ciddi nigaranlığına səbəb olur.


Son məlumata görə, Qərbi Azərbaycanın Qoşaçay məntəqəsində qaçaq ağac daşıyan 4 yük maşını saxlanılıb.


Bu barədə Qoşaçay Polis İdarəsinin rəisi cənab Şeyxnəjad mətbuata məlumat verib.


“Qoşaçay-Təbriz yolunda 70 ton qaçaq ağac daşıyan 4 yük maşını saxlanılıb. Qaçaqmalçılıqla bağlı 4 nəfər saxlanılaraq məhkəməyə təhvil verilib.”- deyə o bildirib.


Polis rəisinin sözlərinə görə, aşkar edilən ağacların dəyəri 700 milyon rialdan ibarətdir.


Son iki gün ərzində Güney Azərbaycanda ağac qaçaqmalçılığı ilə bağlı daha bir fakt qeydə alınıb.

Həmədan Əyalətində yerləşən Famenin şəhərində 13 ton qaçaq ağacın aşkar edildiyi bildirilir.


Bu barədə Famenin Polis İdarəsinin rəis müavini cənab Həqiqi Mahir jurnalistlərə açıqlama verib.


“Polis yoxlama məntəqəsində dayandırdığı avtomobillər arasında qaçaq ağac daşıyan yük maşınına rast gəlib. Maşında qeyri-qanuni şəkildə kəsilən 13 ton ağac aşkar edilib. Hadisə ilə bağlı bir nəfər saxlanılaraq məhkəməyə təhvil verilib.”- deyə o bəyan edib.


Qeyd edək ki, Urmu gölü böhranı ilə bağlı Güney Azərbaycanda əlavə yaşıllıq sahəsinə ehtiyac var. Bu, ən azı göldən qalxan duz və qum fırtınalarının ətraf məntəqələrə yayılmasının qarşısını almaqda müəyyən rol oynaya bilər. Belə bir vəziyyətdə onsuz da məhdud olan yaşıllıq sahələrinin sıradan çıxarılması Azərbaycanın ətraf mühitini ciddi təhlükə ilə üz-üzə qoyur.
Bu xəbər oxucular tərəfindən 37 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed