Şrift:
Təbriz həbsxanasında baş verən üsyanın Təfərrüatı...
27.03.2020 [10:16] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Xəbər verdiyimiz kimi, cümə axşamı günü Təbrizin Mərkəzi Zindanında üsyan baş verib. Qəzəbli məhbusların üsyanının yeni təfərrüatı məlum olub.



Həbsxananın daxilindən ötürülən məlumata əsasən, 9-cu bölümdə bir neçə məhbus iki əsgərin silahını əlindən alaraq ətrafda olan həbsxana məsullarını girov götürüb, 9-cü bölümə giriş və çıxışa icazə verməyiblər. Məhbuslar tərəfindən girov götürülən həbsxana məsulları ilə bağlı hələlik ətraflı məlumat yayılmayıb.



Həbsxananın digər bölümündə (“Seqane” adlanan bölüm) isə məhbuslar yataqları toplayıb zindanın həyətində yandırıblar. Bundan sonra həbsxanadan tüstü qalxıb.



Qeyri-rəsmi mənbələrin verdiyi məlumata görə, üsyan zamanı bir nəfər qətlə yetirilib, bir neçə məhbus isə həbsxanadan qaçıb. Bu xəbər hələlik heç bir rəsmi mənbə tərəfindən təsdiqlənməyib.



Həbsxananın digər bölümləri, o cümlədən 7-ci bölümdə də zindan məsulları ilə məhbuslar arasında qarşıdurma yaşanıb.



Məlumata görə, Şərqi Azərbaycanın xüsusi təyinatlı qüvvələri həbsxananı nəzarətə alıb.



Rəsmi orqanlar isə hər zaman olduğu kimi baş verən hadisəni ört-basdır etməyə çalışır. Təbriz Şəhər İcra Hakimiyyətinin başçısı Behruz Məhdəvi hadisəyə münasibət bildirərkən həbsxanada kiçik yanğın olduğunu bildirib.

“Zindanda kiçik yanğın baş verib. Məhbusların və həbsxana məsullarının yanğından nigaran olması müəyyən qədər gərginlik yaradıb. Təbii ki, gərginliyi idarə etmək üçün polis əməkdaşları hazır vəziyyətə gətirilib.”- deyə o bildirib.



Şəhər İcra Hakimiyyətinin başçısı qeyd edib ki, hələlik hadisənin səbəbi məlum deyil, faktla bağlı araşdırma aparılır.



İran rejimi koronavirusa yoluxma faktlarını gec elan etdiyindən epidemiya qısa müddətdə bütün ölkəni, o cümlədən həbsxanaları bürüdü. Məhkəmə məhbusların əksəriyyətini müvəqqəti olaraq sərbəst buraxmaqdan imtina edir. Həyatlarını təhlükədə görən məhbuslar həbsxanadan qaçmaq üçün üsyan etməyə məcbur olur. Oxşar üsyanlar ötən həftə Xürrəmabad və Əliqudərz şəhərlərində baş vermişdir.



Mövzu ilə bağlı ətraflı məlumat almaq və videoları izləmək üçün aşağıdakı xəbəri oxuya bilərsiniz:
Bu xəbər oxucular tərəfindən 25 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed