Şrift:
Güney Azərbaycanda koronavirus qurbanlarının sayı 374 nəfərə çatdı / Təbrizdə yoluxanların sayında rekord artım
27.03.2020 [13:14] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Rəsmi statistikalarına əsasən Güney Azərbaycan əyalətlərində son 24 saatda daha 244 nəfərdə koronavirusa yoluxma faktı qeydə alınıb və infeksiyaya tutulanların sayı 3710 nəfərə çatıb.



Güney Azərbaycanda infeksiyasından ölənlərin sayı isə 374 nəfər olub. Güney Azərbaycan bölgələri arasında ən yüksək yoluxma və itki faktı Şərqi Azərbaycan əyalətində qeydə alınıb.


Bu əyalətdə keçən 24 saat ərzində daha 96 nəfərdə koronavirus infeksiyası aşkarlanıb. Təbriz Tibb Universitetinin rəis müavini Ruzbeh Rəcayi bu rəqəmin epidemiyanın başlanmasından bəri rekord göstərici hesab olunduğunu vurğulayıb.

Rəcayi əyalətdə koronavirusa yoluxanların sayının 1190 nəfərə çatdığını bildirib.



O, keçən gün daha doqquz nəfərin koronavirus infeksiyasından öldüyünü və beləliklə qurbanların sayının 114 nəfərə çatdığını deyib.



Rəsminin fikrincə Təbriz şəhərində yoluxanların sayı testlərlə aşkarlanan rəqəmdən qat-qat artıqdır. Qeyri-rəsmi mənbələr də İranda, o cümlədən Güney Azərbaycan əyalətlərində koronavirusa yoluxan və bu xəstəlikdən ölənlərin sayının rəsmi statistikadan qat-qat yüksək olduğunu bildirir.





Şərqi Azərbaycan əyaləti və mərkəzi Təbrizdə koronavirusa yoluxanların və infeksiyadan ölənlərin kəskin artmasına baxmayaraq əyalət valisi Məhəmməd Rza Purməhəmmədi hökumətin önləyici “tədbirlərinin nəticə verməsini” və xəstəliyə yoluxanların sayının azalmasını iddia etmişdi.



Qəzvin əyalətində də 794 nəfərin koronavirusa yoluxduğu, 97 nəfərin həyatını itirdiyi təsdiqlənib. Qəzvin Güney Azərbaycanda virusa yoluxanların və qurbanların sayına görə Şərqi Azərbaycandan sonra ikinci yeri tutur.



Qərbi Azərbaycanda isə infeksiyaya yoluxanların sayı 566 nəfərə çatıb. Urmiya Tibb Universitetinin rəisi Cavad Ağazadənin dediyinə əsasən son 24 saatda daha 20 nəfərdə infeksiya aşkarlanıb.

Onun sözlərinə görə, Qərbi Azərbaycanda bu virusdan ölənlərin sayı 43 nəfərə çatıb.





Ərdəbil əyalətində də 355 nəfərin koronavirusa yoluxduğu təsdiqlənib. Ərdəbil Tibb Universitetinin rəis müavini Əfşin Fəthinin dediyinə görə, son 24 saat ərzində bu əyalətdə daha 28 nəfərdə yoluxma faktı qeydə alınıb.



O əlavə edib ki, həmin gün infeksiyaya yoluxan daha beş nəfər canını itirib və beləliklə ölənlərin ümumi sayı 52 nəfərə çatıb.

Fəthinin dediyinə görə, Ərdəbil əyalətində hazırda 360 nəfər koronavirus şübhəsi ilə xəstəxanalarda müalicə alır.



Zəncan əyalətində də son rəsmi açıqlamalara görə, infeksiyaya yoluxanların sayı 470, xəstəlikdən ölənlərin sayı isə 39 nəfərdir.



Bu rəqəm Həmədanda 335 nəfərdir ki, onlardan 29 nəfəri dünyasını dəyişib.



İranda koronavirusa yoluxma faktı ilk dəfə Qum şəhərində qeydə alındıqdan sonra hökumət şəhəri karantinə almağa qarşı çıxaraq virusun bütün ölkəyə, o cümlədən Güney Azərbaycana yayılmasına, yüzlərcə insanın qurban olmasına yol verdi.
Bu xəbər oxucular tərəfindən 27 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed