Şrift:
İranın Fars əyalətində spirtdən zəhərlənənlərin sayı 642-yə, ölənlərin sayı isə 79 nəfərə yüksəlib
30.03.2020 [12:25] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda saxta spirtdən ölənlərin sayı gündən-günə artır. Buna səbəb isə, insanların koronavirusdan qorunmaq üçün alkoqollu içkilərə üzə tutmasıdır.



İranın Fars əyalətinin Təcili Tibbi Yardım Mərkəzinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Həsən Hemməti martın 29-da jurnalistlərə açıqlamasında əyalətdə spirt qurbanlarının yeni statistikasını yayıb.



O deyib ki, son günlər əyalətdə saxta spirtli içkilərdən zəhərlənənlərin sayı xeyli dərəcədə artıb: “Bizdə olan yeni statistikaya əsasən, Fars əyalətinnin müxtəlif şəhər və bölgələrində saxta spirtdən zəhərlənənlərin ümumi sayı 642 nəfərə, ölənlərin sayı isə 79 nəfərə yüksəlib.



Zəhərlənənlərin orta yaş həddi 20-40 yaş arasındadır. Hazırda zəhərlənmə səbəbi ilə tibb mərkəzlərinə müraciət edənlərdən 563 nəfəri xəstəxanalarda həkimlərin nəzarəti altında müalicə alırlar. Onlardan bəzilərinin səhhəti ağır olaraq qalır” -deyə, Fars əyalətinin Təcili Tibbi Yardım Mərkəzinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Həsən Hemməti mediaya açıqlamasında bəyan edib.



Qeyd edək ki, son həftələr İranın müxtəlif şəhər və əyalətlərində koronavirusdan qorunmaq, eləcə də iztirab və stressdən qurtulmaq üçün spirtli içkilərə pənah aparan insanların sayı sürətlə artıb. Nəticədə, minlərlə insan saxta spirtdən zəhərlənərək xəstəxanalaraq düşüb, yüzlərlə insan isə həyatını itirib.
Bu xəbər oxucular tərəfindən 125 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed