Şrift:
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması işğal olunmuş ərazilərimizdə keçirilən qanunsuz “seçkilər”ə dair bəyanat yayıb
01.04.2020 [10:58] - Xəbərlər, Siyasət
Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması ölkəmizin işğal olunmuş ərazilərində keçirilən qanunsuz “seçkilər”ə dair bəyanat yayıb.

Bəyanatda Azərbaycan Respublikasının işğal edilmiş Dağlıq Qarabağ bölgəsində 2020-ci ilin 31 mart tarixində “prezident və parlament seçkiləri” adı altında növbəti “seçki şousu” təşkil edildiyi bildirilir. Qeyd edilir ki, təcavüzkar Ermənistan və onun əlaltısı olan işğalçı rejimin bu addımı qanunsuzdur, heç bir hüquqi əsası yoxdur, demokratiya və seçki adına böyük bir ləkədir.
Bəyanatda deyilir ki, dünyanın hazırda koronavirus (COVID-19) pandemiyası ilə üzləşdiyi vaxtda insanların həyatının təhlükə altında qalmasına baxmayaraq, Ermənistan və işğalçı rejim öz xislətinə sadiq qalaraq hətta belə bir vəziyyətdə qanunsuz fəaliyyətini davam etdirir və “seçkilər” adlı şou keçirir. Bu, bir daha Ermənistan və qondarma qurumun söykəndiyi “dəyərlərin” və əsarətində saxladığı Dağlıq Qarabağ bölgəsinin erməni icmasının üzvlərinə olan “münasibətinin” göstəricisidir. Bu, həmin insanların həyatı və taleyinin rejim üçün nə qədər önəmsiz olduğunu təsdiq edir. Hesab edirik ki, Dağlıq Qarabağda yaşayan ermənilər onlara dəyər verməyən, pandemiya təhlükəsindən qorumaq əvəzinə onları saxta oyunların qurbanına çevirən Ermənistanın və işğalçı rejimin əlində alət olduqlarını nəhayət ki, anlayacaqlar.

“İşğal olunmuş Dağlıq Qarabağda qanunsuz “seçki” keçirilməsi etnik təmizləməyə məruz qalmış və torpaqlarından qovulmuş azərbaycanlıların əsas insan hüquqlarının kobud şəkildə tapdalanmasıdır. Bildiririk ki, belə saxta “seçki”lərlə bağlı əvvəllər BMT, ATƏT, digər beynəlxalq təşkilatlar və beynəlxalq ictimaiyyət dəfələrlə bəyanatlar verərək, Azərbaycanın işğal olunmuş ərazilərindəki qanunsuz “seçkiləri” pisləmiş və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını bəyan etmişlər. Bu qanunsuz “seçkilər” danışıqlar prosesinə daha bir zərbədir və vəziyyətin gərginləşməsinə xidmət edir.

Əminik ki, Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri bərpa olunduqdan sonra geriyə dönəcək azərbaycanlılarla birlikdə ölkəmizin Konstitusiyası və digər qanunlarına uyğun olaraq keçiriləcək qanuni seçkilərdə iştirak edəcəklər”, - deyə bəyanatda bildirilir.
Bu xəbər oxucular tərəfindən 69 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed