Şrift:
İran parlamentinin sözçüsü: “23 deputat koronavirusa yoluxub”
01.04.2020 [11:20] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran parlamentinin rəyasət heyətinin sözçüsü Əsədulla Abbasi martın 31-də mediaya açıqlamasında 23 deputatın koronavirusa yoluxmasını təsdiq edilib.



O bildirib ki, 100 deputatdan “Covid-19” infeksiyası ilə bağlı götürülən test analizlərinin nəticələri müəyyən edilib: “Təəssüflər olsun ki, artıq 23 deputatın test analizləri müsbət çıxıb. Hazırda 40 deputat da koronavirus daşıyıcısı olmaqda şübhəli bilinir” – deyə, İran parlamentinin rəyasət heyətinin sözçüsü Əsədulla Abbasi əlavə edib.



Sözçü, virusa yoluxmuş iranlı deputatların indiki durumu və onların hansı xəstəxanalarda müalicə almasını açıqlamayıb.



Qeyd edək ki, İranda koronavirusun sürətlə yayılmasını nəzərə alaraq, ölkə parlamentinin iclasları martın ortalarından başlayaraq dayandırılıb. Həmin müddət ərzində parlamentin bir neçə iclası video-konfrans şəklində keçirilsə də, bəzi deputatlar bu addımı “qanunsuz” adlandıraraq ona etiraz bildiriblər.



Ötən gün həmçinin 42 deputat parlamentin fəaliyyətinin dayandırmasına etiraz bildirərək, İslami Şura Məclisinin fəaliyyətinin yenidən bərpa edilməsini tələb ediblər.



Xatırladaq ki, ötən həftələr ərzində İran parlamentinin deputatları Fatimə Rəhbər və Məhəmməd Əli Ramazani koronavirusdan ölüblər.



İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur martın 31-də ölkədə bu günə qədər koronavirus qurbanlarının yeni statistikasını yayıb.



O, dünənə qədər ölkədə infeksiyadan ölənlərin sayının 2898-ə, epidemiyaya yoluxanların sayının isə 44606 nəfərə yüksəldiyini bildirsə də, İranın tibb mərkəzlərindəki mənbələr, virusdan ölənlərin və xəstəliyə yoluxanların sayının rəsmi tribunalardan elan edilən rəqəmlərdən ən azı 5 dəfə çox olduğunu bildirirlər.
Bu xəbər oxucular tərəfindən 71 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed