Şrift:
İranda spirtdən zəhərlənərək ölənlərin sayı 320 nəfəri keçib
02.04.2020 [12:04] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda sənaye spirtindən zəhərlənərək ölənlərin sayı 320 nəfəri ötüb.



Fars əyalətinin Təcili Tibbi Yardım Xidmətinin yaydığı məlumata görə, son günlər ərzində spirtdən zəhərlənmə şikayətləri ilə bağlı onlara 667 müraciət daxil olub. Xəstəxanaya yerləşdirilənlərdən 84 nəfəri ölüb, 583 nəfəri isə hazırda müalicəsini davam etdirir. Əyalətdə göstərilən səbəb nəticəsində ölənlərin sayı koronavirusun İranda yayılmasından martın 29-na qədər 79 nəfər idi.



Martın 31-də İranın Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur da sənaye spirti və ya kustar üsulla hazırlanmış alkoqollu içkilərdən zəhərlənərək ölənlərin sayının 320 nəfəri ötdüyünü təsdiqləmişdi. O, həmçinin qeyd etmişdi ki, zəhərlənənlərdən 62 nəfəri görmə qabiliyyətini ya tam, ya da kəskin surətdə itirib, 284 nəfərin isə böyrəkləri sıradan çıxıb və onlar dializ olunurlar.



Kiyanuş Cahanpurun sözlərinə görə, ümumilikdə koronavirus infeksiyasının ölkədə yayılmasından bu yana 3117 nəfər spirtdən zəhərlənib. Onlardan 1066 nəfəri hazırda xəstəxanada müalicəsini davam etdirir. Vəziyyəti ağır olan 73 nəfər isə intensiv terapiya şöbəsinə yerləşdirilib.



Ötən həftə koronavirusun yayılmasından sonra İranın 20 əyalətində azı 297 nəfərin spirtdən zəhərlənmə nəticəsində öldüyü barədə xəbərlər yayılmışdı.



Səhiyyə rəsmiləri bildirirlər ki, həmin şəxslər yanlış təbliğata uyaraq, koronavirusa yoluxmamaq üçün ya spirt içiblər, ya da onunla ağızlarını yaxalayıblar.



Lakin sosial şəbəkələrdə yayılan məlumatlara əsasən, insanların çoxu saxta alkoqollu içkilərdən zəhərlənib.



Eləcə də, vəziyyətdən istifadə edən bəzi işbazlar müəyyən vasitələrlə içməyə yararlı olmayan metanol spirtinin rəngini dəyişməklə, onu içməyə yararlı etanol spirti adı ilə satırlar. Bu səbəbdən ölkə ərazisində spirtdən zəhərlənmə halları son günlər ərzində kəskin xarakter alıb.
Bu xəbər oxucular tərəfindən 54 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed