Şrift:
Güney Azərbaycanda koronavirus qurbanlarının sayı artır
02.04.2020 [14:31] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Rəsmi statistikalarına əsasən Güney Azərbaycan əyalətlərində son 24 saatda daha 176 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb və infeksiyaya tutulanların sayı 4855 nəfərə çatıb.



Güney Azərbaycanda infeksiyasından ölənlərin sayı isə 544 nəfər olub. Güney Azərbaycan bölgələri arasında ən yüksək yoluxma və itki faktı Şərqi Azərbaycan əyalətində qeydə alınıb.





Bu əyalətdə keçən 24 saat ərzində daha 70 nəfərdə koronavirus infeksiyası aşkarlanıb. Təbriz Tibb Universitetinin rəisi Məhəmməd Hüseyn Somi əyalətdə koronavirusa yoluxanların sayının 1688 nəfərə çatdığını bildirib.





O, keçən gün daha doqquz nəfərin koronavirus infeksiyasından öldüyünü və beləliklə qurbanların sayının 166 nəfərə çatdığını deyib.





Güney Azərbaycan əyalətləri arasında virusa yoluxanların və qurbanların sayına görə Şərqi Azərbaycandan sonra ikinci yeri tutan Qəzvində də 987 nəfərin koronavirusa yoluxduğu, 143 nəfərin həyatını itirdiyi təsdiqlənib.



Qərbi Azərbaycanda isə infeksiyaya yoluxanların sayı 750 nəfərə çatıb. Urmiya Tibb Universitetinin rəisi Cavad Ağazadənin dediyinə əsasən, son 24 saatda daha 25 nəfərdə infeksiya aşkarlanıb.

Onun sözlərinə görə, Qərbi Azərbaycanda bu virusdan ölənlərin sayı isə 66 nəfərə çatıb.





Ərdəbil əyalətində də 474 nəfərin koronavirusa yoluxduğu təsdiqlənib. Ərdəbil Tibb Universitetinin rəis müavini Əfşin Fəthinin dediyinə görə, son 24 saat ərzində bu əyalətdə daha yeddi nəfər canını itirib və beləliklə infeksiyadan ölənlərin ümumi sayı 82 nəfərə çatıb.





Zəncan əyalətinin Tibb Universitetinin rəisi Pərviz Qızılbaşın açıqlamasına görə, əyalətdə infeksiyaya yoluxanların sayı 601, xəstəlikdən ölənlərin sayı isə 58 nəfərə çatıb.





Həmədan Əyalətində isə rəsmilərin statistikaları gizlətmələri davam edir. Bir həftədən çoxdur ki, yoluxanların və ölənlərin sayı haqda məlumat vermirlər. Son rəsmi açıqlamaya əsasən, əyalətdə 355 nəfər koronavirusa yoluxub, onlardan 29-ü həyatını itirib. Qeyri-rəsmi mənbələr Həmədanda infeksiyanın geniş yayıldığını, onlarla insanın öldüyünü yazırlar. İranın Səhiyyə nazirliyindəki mənbələrinə istinad edən bir xəbər saytı Həmədanda 92 nəfərin infeksiyadan öldüyünü yazıb. Həmin mənbə virusa yoluxanların sayının 2251 nəfərə çatdığını iddia edib.

Əyalət rəsmilərinin son günlərdə epidemiyanın yayılması haqqında məlumat verməkdən imtina etmələri də əyalətdəki vəziyyətlə bağlı ciddi narahatlığa səbəb olub. Keçən həftə Həmədan həbsxanasında koronavirusun yayılması ilə bağlı üsyan baş vermişdi. Rəsmilər üsyanda iki nəfərin canını itirdiyini deyirlər.





Qeyd edək ki, ekspertlər İranda, o cümlədən Güney Azərbaycan əyalətlərində koronavirusa yoluxan və bu xəstəlikdən ölənlərin sayının rəsmi statistikadan qat-qat çox olduğunu bildirirlər. Onların fikrincə, İran rəsmiləri statistikanı aşağı göstərməklə böhranı idarə etmədəki uğursuzluqlarını gizlətməyə çalışırlar.



Bəzi qeyri-rəsmi mənbələrə görə, İran Məhkəmə Sisteminin sədri İbrahim Rəisi ötən günlərdə Səhiyyə nazirliyindən koronavirus infeksiyasından ölənlərin ölüm səbəbini başqa xəstəliklər adı altında açıqlanmasını tələb edib. O, həmçinin nazirlikdən istəyib ki, özəlliklə sosial şəbəkədə yayımlanan statistikaya nəzarət etmək istiqamətində məhkəmə sistemi ilə əməkdaşlıq olunsun.



İranda koronavirusa yoluxma faktı ilk dəfə Qum şəhərində qeydə alındıqdan sonra hökumət şəhəri karantinə almağa qarşı çıxaraq virusun bütün ölkəyə, o cümlədən Güney Azərbaycana yayılmasına, yüzlərcə insanın qurban olmasına yol verdi.
Bu xəbər oxucular tərəfindən 189 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed