Şrift:
Ruhani: "Koronavirus böhranı ölkədə ilin sonuna qədər davam edə bilər"
02.04.2020 [16:35] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran prezidenti Həsən Ruhani ölkədə koronavirusun yayılmasının ilin sonuna qədər davam edə biləcəyini deyib.



O, bu gün iştirak etdiyi Dövlətin İqtisadi Qərargahının iclasında bildirib ki, xəstəliyin ölkədə yayılmasına son verməklə bağlı qəti fikir söyləmək mümkün deyil, mövcud vəziyyət gələn aylara və ya ilin sonuna qədər davam edə bilər.



Ruhani qeyd edib ki, xəstəliyin tamamilə aradan qalxması uzun müddət çəkəcəyindən, ölkə ərazisində kütləvi toplaşmaq kimi müxtəlif sahələrə tətbiq edilmiş məhdudiyyətlər də uzadıla bilər.



Xatırladaq ki, Həsən Ruhani bir neçə gün öncə etdiyi çıxışda hazırda ölkə ərazisində koronavirusa yoluxma və ya bu xəstəlikdən ölmə hallarının daha əvvəlki günlərə nisbətən yaxşılaşmağa doğru getdiyini iddia etmişdi. Lakin onun sözləri tibb rəsmiləri və mütəxəssislərinin tənqidinə səbəb olmuşdu.



Dünən bu istiqamətdə İran Tibb Elmləri İnstitutlarının Elmi Heyətinin bir qrup üzvü prezidentə ünvanladığı açıq məktubda onun bu sözlərini səhv məlumatlar və ya statistika üzərində aparılmış yanlış təhlildən doğan nəticə kimi dəyərləndirmişdilər.



Onlar məktubda Çində koronavirus qurbanları ilə İranı müqayisə ediblər və bildiriblər ki, Çində bu rəqəm hər 1 milyon adama 2-3 nəfər olduğu təqdirdə, İranda hər bir milyon adam arasında 38 nəfərdir. Mütəxəssislər buna görə də, rəsmiləri digər ölkələrin təcrübələrindən faydalanmağa çağırıblar.



Lakin Həsən Ruhani martın 31-də etdiyi çıxışda Çinin koronavirusla mübarizə təcrübəsindən istifadə ilə bağlı ölkə daxilindən dövlətə edilən tövsiyələrdən danışaraq bildirmişdi ki, "bizim özümüzü digərlərinin təcrübələrinin əsiri etmək fikrimiz yoxdur".
Bu xəbər oxucular tərəfindən 188 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed