Şrift:
Koronavirus səbəbindən İranda 11 mindən çox texniki və peşə məktəbi müflis olmaq üzrədir
04.04.2020 [15:28] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda koronavirus səbəbindən 11 mindən çox texniki və peşə məktəbi, eləcə də kurs müflis olmaq təhlükəsi ilə üz-üzə qalıb.



İran Özəl Texniki və Peşə Məktəbləri Mərkəzinin Həmkarlar İttifaqının sədri Rəhim Abidi Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinə ünvanladığı məktubda bu barədə məlumat verib və qeyd edib ki, hazırda həmin təhsil müəssisələrində işlər tamamilə dayandırılıb.



O bildirib ki, əgər dövlət həmin müəssisələrə yardım göstərməsə, təkcə Tehranda 3500, bütün ölkə boyu isə 11500 texniki və peşə məktəbi tamamilə müflis olaraq, öz fəaliyyətini dayandıracaq.



Rəhim Abidi qeyd edib ki, həmin müəssisələrdə çalışan insanlar və onların ailələrini nəzərə aldıqda, həmin müəssisələr fəaliyyətlərini dayandırarlarsa, yarım milyondan çox insan ciddi maliyyə problemləri ilə üzləşəcək.



Xatırladaq ki, İranda koronavirus infeksiyasının yayılması səbəbindən bütün dövlət və özəl təhsil müəssisələri, eləcə də kurslarda tətil elan edilib.



Bir neçə gün öncə İran dövlətinin sözçüsü Əli Rəbii bildirmişdi ki, koronavirusdan doğan iqtisadi böhran səbəbindən təkcə xidmət sektorunda 400 minə qədər insanın işsiz qalması ehtimalı var. O, həmçinin alıcılıq qabiliyyətinin kəskin olaraq aşağı düşməsi və kasıblıq səviyyəsinin yüksəlməsini də infeksiyanın yaradacağı digər sosial problemlər olacağını qeyd etmişdi.
Bu xəbər oxucular tərəfindən 190 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed