Şrift:
İranda "islami tibb mütəxəssisi" olduğunu deyən axund tutulub
04.04.2020 [15:33] - Güney Azərbaycan xəbərləri
İranda özünü "islami tibb mütəxəssisi" adlandıran axund Murtuza Köhənsal həbs edilib.



Axundun saxlanılması ilə bağlı bir müddət öncə Ləngərud şəhər Xüsusi Ruhani Məhkəməsi qərar çıxarsa da, o, bir neçə gün qaçmağa nail olmuşdu.



Xatırladaq ki, bir müddət əvvəl Murtuza Köhənsalın Gilan əyalətində koronavirusa yoluxmuş insanların müalicəaldığı bir neçə xəstəxanaya gedib, burada həkimlərin müalicə üsullarını ələ saldığına dair videolar yayılmışdı.



O, "peyğəmbər ətri" adlandırdığı məhluldan həmin xəstələrin üzləri və dodaqlarına səpərək, bunun koronavirus xəstələrini sağaldacağını iddia edirdi. Bu günə qədər axundun yaxınlaşdığı xəstələrdən 1 nəfərinin öldüyü deyilir.



Möhsün Şərifi adlı koronavirusa yoluxmuş gəncin ölümündən sonra özünü "islami tibb mütəxəssisi" adlandıran digər axund Abbas Təbriziyan bildirmişdi ki, Murtuza Köhənsal xəstələrin üzlərinə "Məhəmməd gülabı" səpməklə, yalnız onların infeksiyadan çəkdikləri əzab- əziyyəti "yüngülləşdirib", xəstələri müalicə etmək iddiası olmayıb.



Murtuza Köhənsal bir neçə gün öncə yaydığı videoda atdığı addımın bir daha "doğru" olduğunu və dostlarının məsləhəti ilə koronavirusa yoluxmuş xəstələrin müalicə aldığı xəstəxanalara getdikdən sonra özünü 14 gün müddətinə karantinə aldığını deyib. O, həmçinin dövlətdən koronavirusun əlacını tapmaları üçün "islami tibb mütəxəssisləri"nə laboratoriya ayrılmasını istəyib.



Qeyd etmək lazımdır ki, İranda koronavirusun yayılmasından sonra ruhanilər belə xəstəliyin mövcud olmadığını iddia edir və onu siyasi oyun adlandırırdılar. Lakin bir çox axundun sözügedən infeksiyaya yoluxması və ölməsindən sonra onlar bu iddialardan əl çəkiblər.



Bu dövr ərzində özlərini "islami tibb mütəxəssisləri" adlandıran bir qrup molla dəfələrlə gülməli müalicə metodları təklif etməklə, özlərinin həkimlərdən, metodlarının isə tibb elmlərindən üstün olduğunu "isbat" etməyə çalışıblar.
Bu xəbər oxucular tərəfindən 190 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed